Gədəbəydə körpü istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəydə Çolpan çayı üzərindəki körpünün açılışında iştirak edib.

Dövlət başçısı körpünün yerləşdiyi avtomobil yolunun sxematik planı ilə tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, körpü Gədəbəy şəhərinin girişində, Şəmkir-Gədəbəy magistral avtomobil yolunun 42-ci kilometrliyində yerləşir. Çolpan çayı üzərində 1988-ci ildə tikilən üçaşırımlı, 60 metr uzunluğunda olan körpü uzunmüddətli istismardan və təbii aşınmalardan sonra qəzalı vəziyyətə düşmüşdü. Gədəbəy şəhərinə giriş üçün alternativ yol olmadığından yeni körpünün tikilməsinə zərurət yaranmışdı. Körpünün tikintisinə 2012-ci ilin noyabrında başlanılmış, bu ilin sentyabrında başa çatdırılıb.

Yenidən qurulan körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Körpünün uzunluğu 95 metr, eni isə 14 metrdir. Dördaşırımlı körpü Gədəbəy şəhərinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin rayonun iqtisadiyyatının və turizmin inkişafında mühüm rol oynayacaq.

Azərbaycan Prezidenti Gədəbəydə aparılan abadlıq-quruculuq işlərindən bəhs edən videoçarxa baxıb.

Qeyd edilib ki, körpü ilə yanaşı, Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolu da yenidən qurulub. Yoldakı hərəkət zolaqlarının eni 11,5, piyadalar üçün nəzərdə tutulmuş səkilərin eni 2,5 metrdir. Birinci mərhələdə yolun Gədəbəy-Novosaratovka hissəsi yenidən qurulub.

Yeni yol yatağı tikilərək üzərinə asfalt-beton örtük salınıb. Sel sularının təsirindən uçmuş yol kənarları bərpa edilib. Yolun bu hissəsinin uzunluğu 27 kilometrdir. İki hərəkət zolaqlı yolun eni 7 metrdir. Hazırda yolun bu hissəsində tikinti işləri tamamlanıb.

İkinci mərhələdə yolun Novosaratovka-Qaravəlilər hissəsi çəkiləcək. Bu hissənin uzunluğu 29 kilometrdir. Layihəyə uyğun olaraq 10 metr enində torpaq yatağının üzərində eni 6 metr olan ikizolaqlı yol tikiləcək.

Bundan əlavə bəzi hissələrdə beton suaxıdıcı novların, yol çiyinlərinin, bəzi hissələrdə isə metal sədlərin tikilməsi nəzərdə tutulub. Yolun bu hissəsində hazırda tikinti işləri davam etdirilir. Hər iki layihə "Gəncəkörpütikinti-2" ASC tərəfindən uğurla icra olunub.

Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirib.

AzNews.az