Akif Qurbanov: “Zahid Oruc məni maraqlandırmır”


"Mərkəzi Seçki Komissiyasının sonuncu iclasında Zahid Orucun namizədliyi ilə bağlı mövqeyim siyasi marağa yönəltmə və obyektivlikdən uzaq kimi təqdim edilməyə çalışılır. Mənim çıxışımın Ümid Partiyasına heç bir aidiyyəti yoxdur. Mən namizədin qeydə alınması ilə bağlı məruzə edənlərə sual ünvanlamışam".

AzNews.az-ın məlumatına görə, bu sözləri Ümid Partiyasının MSK-dakı nümayəndəsi Akif Qurbanov deyib. O bildirib ki, MSK-nın iclasında Zahid Orucun imzasını toplayanların sayının neçə nəfərdən ibarət olduğu və imza toplama kampaniyasına nə qədər maliyyə xərclədiyini soruşub: "Birinci sualıma ümumiyyətlə cavab verilmədi, 2-ci suala da cavab o oldu ki, maliyyə xərclənməyib. İndi siz düşünün, mətbuatda yazılır ki, namizədin imza toplama kampaniyasına inzibati resurslar cəlb olunub, üstəgəl, mən aşağı seçki komissiyalarındakı təmsilçilərimizdən yazılan məlumatların doğruluğunu təsdiq edən informasiya alıram, namizədin partiyası yox, namizədin hər hansı ictimai-siyasi təşkilatı yox, respublikanı əhatə edən könüllülərin cəlbiylə bağlı real bir kampaniya aparılmayıb və son olaraq da namizəd özü də təsdiq edir ki, maliyyə xərcləməyib. Hər hansı pullu xidmətlə imza toplanılmadığı halda nəticə nədən ibarət olur?! Ağlabatan versiyanız varsa, buyurun, ifadə edin. Bəli, ola bilər ki, namizədin yaxın qohum və dostları iştirak edib və həqiqətən də imza toplayıblar, mənim onların zəhmətinə kölgə salmaq fikrim yoxdur, amma söhbət ölkənin 60-dan çox dairəsini əhatə etməklə 40 mindən çox imzanı toplamaq kimi ciddi və ağır bir prosesdən gedir, hansı ki, namizəd bu prosesdə ilk dəfə və təşkilatsız iştirak edir".

A.Qurbanovun sözlərinə görə, o, şəxs və qurum olaraq kiməsə qarşı deyil, seçki prosesində də onu nə Zahid Oruc, nə də digərləri maraqlandırır: "Məni maraqlandıran real namizədlər və təbii rəqabətdir. Mən süni yaradılan prosesə qarşıyam".

Anar