“Biz hamımız fəxr edirik ki, öz hesabımıza yaşayırıq“- İlham Əliyev

"Təhsil hər şeyin təməlində dayanır. Çünki biz gəncləri necə yetişdirəcəyik, onlar hansı ruhda böyüyəcəklər, hansı biliklərə malik olacaqlar - ölkəmizin gələcəyi bundan asılı olacaq".

Bunu prezident İlham Əliyev Şəmkir ictimaiyyəti ilə görüşündə bildirib. Prezident vurğulayıb ki, ona görə təhsil, səhiyyə məsələlərinə xüsusi diqqət göstərilir: "Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Bu statusa malik olmaq o qədər də asan məsələ deyil, xüsusilə, hələ də davam edən iqtisadi və maliyyə böhranı illərində. Çünki bu böhran istər-istəməz əksər ölkələrə təsir edib. Ancaq Azərbaycanda aparılan düşünülmüş siyasət, iqtisadi islahatlar və ölçülüb-biçilmiş addımlar bizi bu böhrandan böyük dərəcədə sığortalaya bilib".

Dövlət başçısı İlham Əliyev onu da vurğulayıb ki, infrastruktura, bölgələrin inkişafına, qeyri-neft sektoruna qoyulan investisiyalar bu gün imkan verir ki, biz artıq neft amilindən az asılı olaq. "Ümumi daxili məhsulumuzun əksər hissəsi qeyri-neft sektorunda formalaşır. Ona görə, biz gəncləri elə yetişdirməliyik ki, onlar bu dinamikanı saxlaya, gələcəkdə Azərbaycanı qoruya, müstəqilliyi daha da möhkəmləndirə bilsinlər. Bunu etmək üçün bilik və vətənpərvərlik hissləri çox güclü olmalıdır. Vətənpərvərlik hisslərini gücləndirmək üçün ən gözəl amil görülən işlərdir. Çünki əminəm ki, gənclər, yaşlı nəsil, biz hamımız fəxr edirik ki, bu gün müstəqil, inkişafda olan dövlətdə yaşayırıq, öz hesabımıza yaşayırıq və nəhayət, taleyimiz öz əlimizdədir".

Prezidentin sözlərinə görə, bugünkü reallıq, bugünkü müstəqil Azərbaycan bir daha onu göstərir ki, müstəqilliyin üstünlükləri nə qədər əhəmiyyətlidir. Çünki biz buna ancaq müstəqillik dövründə nail ola bilmişik. "Ancaq taleyimiz öz əlimizdə olduğu halda biz bu inkişafa nail ola bilmişik. Tam qətiyyətlə deyə bilərəm ki, bundan sonra Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək. Heç bir böhran, dünyada yaşanan heç bir digər xoşagəlməz məsələ bizi bu yoldan döndərə bilməz. Çünki bu, quruculuq, inkişaf, haqq-ədalət yoludur. Belə gözəl layihələrin icrası həm dövlətimizin gücünü, həm dövlət siyasətini göstərir. Bir də onu göstərir ki, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, "- deyə, dövlət başçısı əlavə edib.

AzNews.az