İlham Əliyev müşavirə iştirakçılarına müraciət etdi

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində narkotiklərin və silahların qanunsuz dövriyyəsi region üçün təhlükə doğurur.


Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Qara dəniz - Xəzər dialoqu" ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin X iclasının iştirakçılarına müraciətində deyib.

Müraciətdə deyilir: "Qara dəniz - Xəzər dialoqu" ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin X iclasının keçirilməsi münasibətilə sizi təbrik edir və işinizdə uğurlar arzulayıram. Dövlət orqanları sırasında xüsusi yer tutan kəşfiyyat xidmətləri milli maraqların qorunmasını təmin etməklə dövlətin sabit və davamlı inkişafı üçün şərait yaradır.

Son iyirmi ildə yeni müstəqil dövlətlərin yaranması beynəlxalq münasibətlərə öz mühüm təsirini göstərmişdir. "Qara Dəniz - Xəzər dialoqu" ölkələrinin region yaxınlığı, qarşılaşdığı problemlərin və çağırışların oxşarlığı bizim ümumi maraqlardan çıxış etməyimizi gündəmə gətirir".

Dövlət başçısı qeyd edib ki, terrorçuluq, separatizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya kimi cinayətlər dövlətlərin sülh şəraitində yaşamasına ciddi təhlükə yaradır. Ona görə də xalqlarımızın ümumi rifahına və inkişafına nail olmaq, təhlükəsizliyi təmin etmək məqsədi ilə sosial-iqtisadi, siyasi tədbirlərlə yanaşı, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi də zəruridir:

"Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində narkotiklərin və silahların qanunsuz dövriyyəsi, habelə digər cinayətlərin vüsət alması bütövlükdə region üçün təhlükə doğurur. Bu baxımdan, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ölkələrimizin xüsusi xidmət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini şərtləndirir. Əminəm ki, ölkələrimizin kəşfiyyat orqanları arasında əməkdaşlığın təşviqi və dərinləşdirilməsi qlobal və regional təhlükəsizliyə qarşı təhdidlərə, müasir dövrün çağırışlarına qarşı mübarizənin səmərəsini artıracaq, bu sahədə qarşılıqlı razılaşdırılmış siyasətin yürüdülməsinə imkan yaradacaq.

Sizi bir daha sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik naminə səylərimizi birləşdirməyə çağırıram".

AzNews.az