Nardarandakı insidentlə bağlı açıqlama

Sentyabrın 13-də kriminal aləmdə nardaranlı Nahid kimi tanının avtoritetin övladının toy mərasimində dava olduğu və hətta silahdan istifadə edildiyi barədə məlumata Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov münasibət bildirib.

N.Kərimov sözügedən toy mərasimində siyasətçi və ziyalıların, ağsaqqalların iştirak etdiyini deyib: "Həmin toy mənim oğlumun toyu olub. Toyda heç bir dava və ya insident olmayıb. Toyumuz dərviş toyu olub, mən özüm kərbəlayiyəm. Qonaqlarımız da siyasətçilər, ziyalılar olub. Bizim toyda belə hadisələrə yol verilməz. Bunu bütün kənd bilir ki, toy çox sakit, mədəni şəkildə keçirilib. Əgər toydan sonra nə baş veribsə, bundan mənim xəbərim yoxdur və biz ona görə məsuliyyət daşımırıq".

Qeyd edək ki, Natiq Kərimov Nahidin böyük qardaşıdır. N. Kərimovun oğlu, əmisinin - Nahidin qızı ilə evlənib.

Elnur
AzNews.az