MTN həbs edilən jurnalistlə bağlı yeni məlumat yaydıı

Milli Təhlükəsizlik Nazirliyi bu həftə həbs edilən journalist Pərviz Həşimli ilə bağlı yeni məlumat yayıb. AzNews.az-ın "mediaforum"a istinadən verdiyi məlumata görə, bəyanatda deyilir:

"Milli Təhlükəsizlik Nazirliyinə daxil olan məlumatlar əsasında həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində xeyli sayda odlu silah və döyüş sursatının İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınmışdır.

2013-cü il sentyabrın 17-də bu qanunazidd əməlin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Kəlbəcər rayonunun Zar kəndində anadan olmuş, hazırda Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Kəlbəcər qərargahında müvəqqəti qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Həşimov Pərviz Kamran oğlu və Gəncə şəhəri, Nizami rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 120 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonunda yaşayan Qurbanov Təvəkkül Zəkəriyyə oğlu şübhəli şəxs qismində tutulmuşlar.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılmışdır. Pərviz Həşimov və Təvəkkül Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Müəyyən edilmişdir ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının Rza və Hüseyn adlı vətəndaşları ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətirmiş, qanunsuz olaraq daşımış, gəzdirmiş və saxlamışlar.

Məlum olmuşdur ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov ilə Rza adlı İran vətəndaşı arasında qabaqcadan əldə edilmiş razılığa əsasən, sonuncu həmin odlu silahları və döyüş sursatını satış məqsədilə İranda qanunsuz olaraq əldə etmişdir. Rzanın tapşırığı ilə Hüseyn adlı digər İran vətəndaşı odlu silahları və döyüş sursatını 2013-cü il sentyabrın 17-də qaçaq yolla İrandan Azərbaycana keçirmiş və Biləsuvar şəhərindən 14 kilometr aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil vermişdir. Bunun müqabilində Təvəkkül Qurbanov Pərviz Həşimovun ona verdiyi 15 min ABŞ dollarının 12 minini Hüseyn adlı iranlıya çatdırmış, qalan 3 min ABŞ dollarını isə razılaşmaya əsasən göstərdiyi xidmətin əvəzində özünə götürmüşdür.

Təvəkkül Qurbanov həmin odlu silahları və döyüş sursatını idarə etdiyi "Volkswagen Caddy" markalı avtomobildə gizlədərək Bakı şəhərinə gətirmişdir. 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Təvəkkül Qurbanovun idarə etdiyi və Pərviz Həşimovun də içində olduğu "Volkswagen Caddy" markalı avtomobil saxlanılmışdır.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, hal şahidlərinin, eləcə də Pərviz Həşimovun və Təvəkkül Qurbanovun iştirakları ilə keçirilmiş baxış zamanı avtomaşının salonunda 6 ədəd "Makarov" tipli tapança, "Makarov" tipli tapançaya aid 6 ədəd sandıqça və 40 ədəd 9 mm çaplı patron aşkar edilərək götürülmüşdür. Həmçinin Pərviz Həşimovun Təvəkkül Qurbanova verdiyi 3 min ABŞ dollarından 2 min 800-ü də aşkar edilərək maddi sübut kimi götürülmüşdür.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək".