"İsgəndər Həmidov bunun cavabını mütləq verməlidir" - Mübariz Qurbanlı

"Ötən gün "Milli Şura"nın keçirdiyi mitinqvari tədbirdə çıxış edənlər müvafiq qaydada məhkəmə qarşısında cavab verməlidirlər".

Bu sözləri sia.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ötən gün keçirilən mitinqdə səslənən təhqiramiz fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin mitinqvari tədbirdə çıxış edən prezidentliyə namizəd Cəmil Həsənli "Milli Şura" adlı qurumda təmsil olunan İsgəndər Həmidov, İsa Qəmbər, Əli Kərimli öz çıxışlarında Seçki Məcəlləsinin tələblərini, Konstitusiya normalarını, eyni zamanda Cinayət Məcəlləsindəki müddəaları pozublar: "Prezidentliyə namizədin çıxışında səsləndirdiyi təhqiramiz ifadələr, Cavidin məşhur şeirinin xalqa, hakimiyyətə yönəltmək istiqamətindəki çağırışı tam qanun pozuntusudur və Mərkəzi Seçki Komissiyası, məhz bu cür çıxışları nəzərə alaraq, onun namizədliyi məsələsinə yenidən baxmalıdır. Naftalindən çıxarılıb gətirilən məşhur anti-demokrat İsgəndər Həmidov tərəfdarlarını Milli Məclisin və Prezident Administrasiyasının binasının tutulmasına təhrikedici çağırışlarla qanun pozuntusuna yol verib. Bundan əlavə İsgəndər Həmidov həmin tədbirdə partiyanın funksionerlərinə qarşı təhqiramiz ifadələr işlədib. O, bunun cavabını mütləq verməlidir. Həmin mitinqvari tədbir siyasi cəhətdən deqrodasiyaya uğrayan qrupların toplantısı idi. Xalqla heç bir əlaqəsi olmayan bu tədbir bir daha radikalların iflasını göstərdi".

AzNews.az