ABŞ səfiri Lənkəranda- FOTO

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar sentyabrın 24-də Lənkəran rayonuna səfər edib. APA-nın cənub bürosunun məlumatına görə, səfir öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb. İcra başçısı son dövrlərdə rayonun sosial-iqtisadi həyatında baş verən yeniliklərlə qonağı tanış edib.

Lənkəranda ikinci dəfə olmağından məmnunluğunu ifadə edən Riçard Morninqstar şəhərin simasının xeyli dəyişdiyini, yeni istifadəyə verilmiş obyektlərinin onda xoş ovqat oyatdığını bildirib. Söhbət zamanı həmçinin qarşıdakı prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb, Lənkəranda, ümumən Azərbaycanda seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin əhəmiyyəti vurğulanıb. ABŞ səfiri Lənkəranda Amerika Mədəniyyət Mərkəzinin yaradılması üçün göstərdiyi dəstəyə görə icra başçısına minnətdarlıq edib.

Lənkəranda səfərdə olduğu müddətdə ABŞ səfirinin rayondakı "PalSüd" zavoduna və çayçılıq təsərrüfatlarından birinə baş çəkəcəyi nəzərdə tutulub.

AzNews.az