YAP-dan Əlikram Hümbətovun Ermənistan səfərinə reaksiya

"Yəqin ki, ermənilər də ona daxildə nifrət edirlər"





Separatçı Əlikrəm Hümbətovun bu hərəkətinin arxasında dayanan niyyət də, onun bu hərəkətinin mahiyyəti də sadəcə bir sözlə ifadə oluna bilər - xəyanət, satqınlıq.

Bunu hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov Əlikram Hümbətovun Ermənistana və oradan Azərbaycanın işğal olunmuş ərazilərinə getməsini şərh edərkən deyib.

Ə.Əhmədov bildirib ki, Əlikram Hümbətovun nə Azərbaycan vətəndaşı adından, nə guya onun "təmsil elədiyi" talışların adından danışmağa haqqı yoxdur: "Ona belə bir hüququ heç kim verməyib və belə bir səlahiyyət sahibi deyil. Sadəcə olaraq o, həm bir insan kimi, həm də bir siyasətçi kimi nə qədər mənəviyyatını itirdiyini ortaya qoymuş oldu. Mən inanmıram ki, ondan bir alət kimi istifadə edən ermənilər ona hörmət edirlər. Yəqin ki, ermənilər də ona daxildə nifrət edirlər. Çünki öz dövlətini, millətini satan heç kimə sadiq ola bilməz".

YAP rəsmisi bildirib ki, Əlikram Hümbətov indi özünü ermənilərin dostu kimi göstərir, amma yəqin ki, ona xain, içərisi xislətlə dolu olan bir insan kimi baxırlar, amma ondan istifadə edirlər: "Mən inanmıram ki, Əlikrəm Hümbətovdan hansısa ciddi xarici qüvvələr istifadə etsinlər, çünki o, elə fiqur deyil ki, onun xidmətinə hansısa ciddi təşkilatlar istinad etsinlər və ehtiyac duysunlar".

Ə.Əhmədovun sözlərinə görə, yalnız ermənilər separatçı Əlikram Hümbətovdan ən ucuz kampaniyalarında istifadə edə bilərlər, özü də çox qısa bir müddətdə: "İndi Azərbaycanda seçki kampaniyası gedir və ermənilər bundan faydalanaraq guya Əlikram Hümbətov kartından istifadə etmək istəyirlər, lakin əslində onu sadəcə olaraq yaramaz, şəxsiyyətini itirmiş bir insan kimi bütün Azərbaycana təqdim etməyə nail oldular. Separatçı Əlikrəm Hümbətovun bu hərəkətlərində qazandığı yalnız ondan ibarətdir ki, bütün azərbaycanlıların daha dərin nifrətinə tuş gəlmiş oldu".

Qeyd edək ki, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən görüşlərdə Ə.Hümbətov qondarma "Talış-Muğan Respublikası"nın "prezidenti" kimi təqdim olunub. Separatçı Ə.Hümbətov keçirdiyi görüşlərdə Azərbaycan dövlətçiliyinin əleyhinə fikirlər səsləndirib.(trend)

AzNews.az