Anar Niftəliyev prezidentə müraciət hazırlayır

Tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) ölümü ilə nəticələnən cərrahiyyə əməliyyatında iştirak edən həkim personalı dünən ifadə verib. Bunu Modern.az-a açıqlamasında Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev deyib. O, qeyd edib ki, həm "Medi Sina" klinikasının baş həkimi, həm də əməliyyatda iştirak edən həkimlər Nəsimi rayon Prokurorluğuna çağırılıblar. "Ortada qətl hadisəsi və mənim aldadılmağım olmasına baxmayaraq, heç kim məsuliyyətə cəlb edilməyib. Hətta Elnarəni qətlə yetirən həkimlər hazırda işdədirlər. Onlar əməliyyatlara girirlər və növbəti qətl törətmələri istisna deyil".

A. Niftəliyevin sözlərinə görə, həkimlər məsuliyyətdən yaxa qurtarmaq üçün istintaqa təsir etmək istəyirlər. "Onlar bütün vasitələrə əl atırlar, ekspert rəyinə və istintaqa təsir etməyə çalışırlar".

Anar Niftəliyev Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işinin obyektiv araşdırılması və cinayətkarların cəzalandırılması üçün prezidentə müraciət hazırladığını da bildirib.

AzNews.az