Ədliyyə naziri Sumqayıtda vətəndaşları qəbul etdi

Oktyabrın 3-də ədliyyə naziri Fikrət Məmmədov Sumqayıt şəhərində Abşeron, Qobustan, Xızı rayonlarında, Sumqayıtda və digər bölgələrdə yaşayan vətəndaşları, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünləri qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Səfər zamanı ədliyyə naziri yerli, habelə regional ədliyyə və məhkəmə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşüb, onların fəaliyyəti və iş şəraiti ilə tanış olub, problemlərlə maraqlanıb, işin səmərəliliyinin artırılması üzrə tövsiyələrini verib.


AzNews.az