Beynəlxalq festivalda erməni təxribatının qarşısı alındı - FOTO


Budapeştdə Eotvos Lorand Universitetində oktyabrın 3-4-də "Mədəniyyət körpüsü - 2013" adlı beynəlxalq festival keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, səfirliklərin və yerli milli icmaların yardımı ilə keçirilən festivalın əsas məqsədi müxtəlif xalqların və millətlərin onlara xas mədəniyyətin, milli mətbəxin, turizm potensialının və tarixinin nümayişi və təbliği olub.

İki gün davam edən tədbirdə ölkəmizi Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Macar Gənclər Birliyi təmsil edib. Festival iştirakçıları səfirlik tərəfindən müxtəlif dövrlərdə Azərbaycanın mədəniyyətinə, tarixinə və ədəbiyyatına dair macar dilində çap edilmiş 30-a yaxın kitaba, paxlava, şəkərbura kimi milli mətbəximizə aid müxtəlif növ şirniyyatlara, Azərbaycan tarixi və mədəniyyətini təcəssüm etdirən suvenirlərə böyük maraq göstərib.

Tədbir zamanı Ermənistan mədəniyyət mərkəzi üçün ayrılmış hissədə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının nümayiş etdirilməsinə cəhd olunub. Səfirlik əməkdaşları və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr tərəfindən buna dərhal etiraz edilib və təşkilatçılardan bu kimi halların qarşısının alınması tələb olunub. Eyni zamanda səfirlik tərəfindən məsələ ilə əlaqədar dərhal Macarıstan Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıb və Eotvos Lorand Universitetinin rəhbərliyi ilə birbaşa danışıqlar aparılıb. Nəticədə "DQR"in bayrağının nümayişinə cəhdin qarşısı alınıb və tədbirdə təxribatla məşğul olan ermənilər festivaldan uzaqlaşdırılıb.

Festivalda Azərbaycanla yanaşı Amerika Birləşmiş Ştatları, Malayziya, Çin, İsrail, eləcə də Avstriya, İtaliya, Fransa və digər ölkələrin nümayəndələri iştirak edib.(APA)