Bakı kəndləri Rüstəm Behrudidən əl çəkmir

"Şair Rüstəm Behrudinin "Hamıya qalib gəlib, özünü satan Bakı".... adlı şeiri ilə əlaqədar avqust ayında Mətbuat Şurasına müraciət etmişik.

Amma təəssüflər olsun ki, üstündən iki aydan da artıq vaxt keçsə də, Mətbuat Şurası bizim müraciətə baxmayıb. Təhqirlə əlaqədar Əflatun Amaşovun rəsmi cavabını və son nəticəni almamışıq".

Bunu AzNews.az-a Bakı Kəndlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva bildirib. M.Babayeva deyir ki, BKB-yi MŞ-nın qərarını gözləyir: "Biz Mətbuat Şurasının son qərarını gözləyirik. Belə ki, Rüstəm Behridinin üzrü qəbul olunmadı. O, telekanaldakı çıxışında bildirir ki, "məni düz başa düşməyiblər". O, bizə "Fahişələr şəhəri Bakı" dediyi bəs deyil, üstəlik də bizi savadsız, başadüşməz hesab edir. Necə yəni, məni başa düşməyiblər? Rüstəm Behrudu normal insan kimi üzr istəməli idi. Bununla əlaqədar Mətbuat Şurasında şikayətimiz müzakirə olunarkən tələbimizi orada bildirdik. Dedik ki, üzr belə istənilmir. Biz təklif elədik ki, "Yeni Müsavat" qəzeti bizdən rəsmi üzr istəsin və bu 8 nəfərin imza atdığı şəxslərin səlahiyyət verdiyi adama sözügedən qəzetdə yer ayrılsın. "Yeni Müsavat" şikayətlər iclasında bildirdi ki, Mətbuat Şurasının qəbul elədiyi qərarın icrasına hazırdır. Amma əvəzində bizim üstümüzə ayrı-ayrı müəlliflər tərəfindən hücum oldu. Mənim onların hamısına cavab verəcək qədər qabiliyyətim var, ancaq biz Mətbuat Şurasına yazdığımız məktuba hörmət əlaməti olaraq susuram. Hesab edirik ki, Mətbuat Şurası bu məsələyə obyektiv cavab verəcək. Qəzetlərdə heç bir bölgə təhqir oluna bilməz. Mətbuat Şurası tərəfindən "Yeni Müsavat"a xüsusi səlahiyyətlər verilib? O səlahiyyətlər nəyə görə verilib? Bizə niyə "Yeni Müsavat"da cavab hüququ verilmir? Mətbuat Şurasının obyektivliyi budur?"

Xatırladaq ki, iki ay bundan öncə "Yeni Müsavat" qəzetində şair Rüstəm Behrudinin "Hamıya qalib gəlib, özünü satan Bakı" şeiri dərc olunmuşdu. Bakı Kəndlər Birliyi isə bununla bağlı bəyanat qəbul yaymışdı.


Elvin
AzNews.az