Birinci xanım Fransa Senatı müşahidə missiyasını qəbul etdi

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 7-də Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzNews.az-ın AzərTAc-a istinadən məlumatına görə, nümayəndə heyətini Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında çox səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu bildirib.

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva may ayında Azərbaycan nümayəndə heyətinin Fransaya səfəri çərçivəsində bir sıra görüşlər keçirdiyini vurğulayıb.

O, belə görüşlərin Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verdiyini bildirib.

Görüşdə Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qule Azərbaycana səfərinin məqsədi barədə məlumat verib. Bildirib ki, nümayəndə heyəti ölkəmizdə prezident seçkilərini müşahidə edəcək.

Fransalı Senator Natali Qule Azərbaycana səfərləri çərçivəsində bir sıra rəsmi görüşlər keçirdiyini də vurğulayıb.

AzNews.az