Tələbə qızlar çimmək üçün növbəyə durur - Reportaj

"Yayda gecə saat 11, qışda isə 8-dən sonra buraya heç kim buraxılmır"


Yeni dərs ili başlayan kimi bölgələrdən gələn, qalmağa yerləri olmayan ali məktəb tələbələrinin ev problemi aktuallaşır. Hər kəsə məlumdur ki, rayonda yaşayan ailə aylıq qazancının ən azı 250-300 manatını övladı üçün kirayə haqqına ayırmalıdır. Təbii ki, əgər bəxti gətirib bu qiymətə mənzil taparsa. Çünki, hazırda yeni tədris ilinin başlaması "münasibətilə" paytaxtda kirayə mənzillərin qiyməti kəllə-çarxa çıxıb. Bu baxımdan tələbələrin kirayə mənzil tapması və tələb edilən məbləği ödəməsi müşkül məsələyə çevrilib.

Bəs, görəsən, universitetlərin yataqxanaları hansı vəziyyətdədir?

Məlum olduğu kimi, Bakıdakı dövlət ali təhsil ocaqlarına daxil olan tələbələrin yataqxanalara yerləşməsi 1993-cü ildən çətinləşib. Yəni, 20 ilə yaxındır ki, bütün universitet və institutlara məxsus yataqxanalarda yerlərin 90 faizində məcburi köçkün və qaçqınlar məskunlaşıb. Bu səbəbdən yataqxana məsələsi universitetlərimizin əksəriyyətində hələ də problem olaraq qalmaqdadır. Son dönəmdə bu problemlər yavaş-yavaş həllini tapır. Belə ki, bir sıra universitetlərdə bu sahədə islahatlar gedir. Bu islahatlara universitet yataqxanalarından məcburi köçkünlərin köçürülməsi, istifadəyə yararsız binaların yenidən təmiri daxildir. Biz də hazırda yataqxanalardakı mövcud vəziyyətlə tanış olmaq, tələbələrlə söhbətləşmək, yataqxanalarda yaşayan tələbələrin həyat tərzini öyrənmək məqsədilə Şərifzadə küçəsi 4 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 2 saylı Qızlar yataqxanasına yollandıq.

Tələbənin tələbi

Yataqxanada yaşayan müəllimənin köməkliyi ilə yataqxananın dağınıq foyesində tələbə qızlar yaşayan otaqların axtarışına çıxırıq. Çünki, digər yataqxanalar kimi bu yataqxananın da çox hissəsinə qaçqın və məcburi köçkünlər yerləşdirilib. Binanın yalnız 2 bloku tələbələrin ixtiyarındadır. Diqqətimizi uçuq-sökük foyedə səliqə ilə düzülən ayaqqabılar çəkir. Foyedəki qapılardan birinə yaxınlaşıb döyərək otağa daxil oluruq. Otaqda 3 çarpayı, dərs oxumaq üçün 1 stul və stulun üzərində kitab dəftər diqqətimizi çəkir. Otaq sözün əsl mənasında tələbə otağını xatırladır. Bizi bu otaqda yaşayan 3 tələbə qız qarşılayır. Özümü təqdim etdikdən sonra qızlarla maraqlı söhbətə başlayırıq. Həmsöhbətim Azərbaycan Dillər Universitetinin ikinci kurs tələbəsi Məşədiyeva Təranə Qazax rayonunda yaşayır. Rayonları şəhərə uzaq olduğu üçün ancaq bayramlarda evlərinə gedə bilir. Təranə bizimlə söhbətində yataqxananın təmirli olmamasından gileylənir: "Artıq iki ildir bu yataqxanada yaşayıram. Şəraitimiz gördüyünüz kimidir, hələ bizimki yaxşı otaqlar sırasındadır. Burada bizim otaqdan da pis otaqlar var. Eşitmişik ki, neçə vaxtdır yataqxanaların təmirinə başlanılıb. Bizim də yataqxanamız təmir olunsaydı çox yaxşı olardı. Biz bu şəraitə öyrəşmişik, qurtarıb gedəcəyik amma yeni gələn tələbələrin bu şəraitdə yaşamasını istəmirik".

Yataqxananın problemi

Yataqxanada üzləşdiyi əsas problemlərdən danışan Təranə əsasən soyuq qış aylarında vəziyyətlərinin pis olduğunu bildirdi: "Otaqlarda qızdırıcı cihazların quraşdırılmasına baxmayaraq, heç biri yararlı vəziyyətdə deyil. Qışda otaqlarımız çox soyuq olur, sözün əsl mənasında "donuruq". Otağı isitmək üçün elektrik piltəsi yandıranda isə işıqlarımız nasaz olduğundan xətlərin gücü çatmır və sönür. Ən əsası isə hamam şəraitimiz yoxdur. Hamam ümumidir və istifadə etmək mümkün olmur. Mətbəxdə yerləşən su kranımız da 1 ədəd olduğu üçün burada həm qab, həm paltar, həm də əl-üz yumaq məcburiyyətində qalırıq".

"Çimmək üçün növbəyə dururuq"

Söhbətimizin bu yerində otağın digər sakini Quba rayonundan olan və Sosial İqtisad Kollecində təhsil alan Gülər Mirzəməmmədova da bizə qoşulur. Gülər deyir ki, belə çətin şəraitdə yaşamağımıza baxmayaraq, tələbəliyin əsl ləzzətini burada dadırlar: "Doğrudur, şərait gözlə görünəndən də pisdir. Bu otaqlar sovet dövründən qalıb. Mənim üçün buranın ən çətin cəhəti isə hamamın ümumi olmasıdır. Həm də hamam bizə çox uzaqdır. Çox vaxt çimmək üçün növbəyə durmalı oluruq. Özümüz azmışıq kimi hətta yataqxananın ətrafında yaşayanlar da bu hamama çimməyə gəlirlər. Bütün bu çətinliklərə baxmayaraq, burada çox gözəl, yaddaqalan günlərimiz olur. Boş vaxtlarımızda bizim mərtəbədə olan 12 qız bir yerə yığışıb musiqi dinləyirik, televizora baxırıq, oyun oynayırıq. Axşamlar bir yerə yığışıb domino oynayırıq və yaxud da mahnı qoyub düşürük ortaya. O ki var oynayırıq (gülür). Bəzən təmizlik üstündə atışmalarımız da olur. Amma atışmalar belə xoş xatirə kimi beynimizə yazılır. Ən əsası isə burada möhkəm dostluqlar qururuq".

Valideynimiz yataqxanaya buraxılmır

Gülərin sözlərinə görə, yataqxanada rejim çox ciddidir: "Komendantımız İsmayıl dayıdan çox razıyıq. Bizimlə ata kimi maraqlanır və çox məsuliyyətli davranır. Yataqxanaya kənar şəxslər qətiyyən buraxılmır. Hətta atamız, qardaşlarımızla belə həyətdə görüşürük. Yataqxananın qapıları vaxtı-vaxtında bağlanır. Yay vaxtı gecə saat 11, qışda isə 8-dən sonra buraya heç kim buraxılmır". Yataqxananın ən gənc sakini isə Səma Gəraylıdır. Səma iki aydır ki, yataqxana həyatına başlayıb. Onunla qalan qızların sözlərinə görə, ilk günlər Səma çox darıxırdı, hətta şəraitsizliyi görüb ağlayırdı.

Səma söhbət zamanı bildirdi ki, yataqxanada yaşamaq çox çətindir: "Yataqxana yaşamaq üçün əlverişli yer deyil. Burada ancaq məcburiyyət qarşısında yaşamaq olar. İlk günlər çox darıxırdım, amma qızlar mehriban olduğu üçün məni darıxmağa qoymurdular. Yaxşını da, pisi də bir yerdə yaşadığımız üçün inanıram ki, mən də burada möhkəm dostluqlar quracam".

Yataqxana həyatının xoş xatirələri

Növbəti müsahibim isə Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Mehriban Qafarlı oldu. Mehriban bildirdi ki, artıq 3-cü ildir yataqxanada yaşayır və burada çox maraqlı günləri olub: "Burada yaşamaq nə qədər çətin olsa da, yaxşı günlərimiz də olur. Hətta mən rayona gedəndə buradakı rəfiqələrim üçün çox darıxıram. Yataqxanada yaşayan qızlar ayrı-ayrı bölgələrdən olduğu üçün fərqli ləhcələr, fərqli mədəniyyətlər, adətlərlə tanış oluruq. Bizə gülməli gələn hadisələrdən biri odur ki, hər bölgədə ərzaqlar fərqli adlandırılır. Məsələn, mən qarğıdalı yağı deyirəm, Gülər Kakruz deyir. İlk dəfə biz bunu eşidəndə anlaya bilmədik və çox gülməli gəlmişdi".

"Heç olurmu ki, dalaşıb bir-birinizdən küsəsiniz" sualına Mehriban belə cavab verir: "Hərdən olur ki, aramızda inciklik yaranır, ancaq o da tez bir zamanda ötüb keçir. Biz çox yaxınıq. Bütün sirlərimizi bir-birimizlə paylaşırıq. Burada əsl bacı kimi yaşayırıq".

Tələbələrlə sağollaşdıqdan sonra onların yaralı yeri olan hamamla tanış olmaq qərarına gəldik. Bu məqsədlə yataqxana binasından kənarda yerləşən hamama yollandıq. Buradakı vəziyyət doğurdanda acınacaqlı idi. 5 mərtəbəli binanın yalnız 1 hamamı olduğu üçün binanın bütün sakinləri oradan istifadə edirlər. Yataqxana binasında sözün əsl mənasında natəmizlik hökm sürür. Qalaq-qalaq yığılan zibillər, təmirsiz otaqlar, uçuq sökük qapılar burada yaşamağın necə çətin olduğunu qiyabi olsa da göstərir.

"Kaspi" qəzeti
image description image description image description image description image description image description image description image description image description