TÜRKKON müşahidə missiyası rəyini açıqladı

Türk Dövlətləri Əməkdaşlıq Şurasının (TÜRKKON) seçki müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.

Tədbirdə TÜRKKON baş katibi Xəlil Akıncı bildirib ki, onların müşahidçilərinin bir hissəsi Azərbaycanın işğal altında olan Ağdam rayonu ərazisində müşahidə aparıblar.

X.Akıncı bildirib ki, missiyada Qazaxıstan, Qırğızıstan və Türkiyədən 11 nəfər təmsil edib: "Qarabağ bölgəsində olan yeganə beynəlxalq müşahidə missiyası TÜRKKON missiyası olub".

Onun sözlərinə görə, müşahidə apardıqları məntəqələrdə problemlər qeydə alınmayıb: "Bəzi məntəqələrdə "exit-poll" keçirilirdi. Ümumilikdə bu seçki öz texniki imkanlarına görə ən mükəmməl seçki idi. Biz seçkilərdə qalib gələn Azərbaycan Prezidentini təbrik edirik".


AzNews.az