Türkiyə rəsmilərindən İlham Əliyevə təbrik məktubu

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik ediblər.

Abdullah Gül təbrik məktubunda bildirib: "Hörmətli Prezident! Azərbaycanda bu gün keçirilən prezident seçkiləri nəticəsində bu ən yüksək vəzifəyə yenidən seçilməyiniz münasibətilə Zati-alilərinizi öz adımdan və Türk xalqı adından ürəkdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm. Seçkilərin həmişəki kimi əmin-amanlıq və dinc şəraitdə uğurla keçməsindən böyük xoşbəxtlik duyduq. Nəticələrin Azərbaycan xalqına xeyirli olmasını arzu edirəm.

Xalqlarımız arasındakı dərin qardaşlıq və məhəbbət tellərinə əsaslanan və tarix boyunca özünəməxsus xarakter daşıyan Türkiyə-Azərbaycan münasibətləri ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamının əsasında müştərək səylərimizlə mükəmməl bir səviyyəyə çatmışdır.

Zati-alilərinin indiyə qədər olduğu kimi, bundan sonra da əməkdaşlığımızın hər sahədə genişləndirilməsini təmin edəcək addımların atılmasını davam etdirəcəyinə olan inamım qətidir.
Bu münasibətlə Zati-aliləri əziz qardaşımı ən qısa müddətdə Türkiyədə qonaq qəbul etməkdən duyacağım xoşbəxtliyi bir daha bildirir, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqının əmin-amanlığının və rifahının daimi olmasını diləyirəm".

Rəcəb Tayyib Ərdoğan isə təbrik məktubunda qeyd edib: "Hörmətli Prezident, əziz dostum! 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərində bu ali vəzifəyə yenidən seçilməyiniz münasibətilə millətim, hökumətim və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirirəm. Bu münasibətlə dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən seçkilərin əmin-amanlıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyduğumu ifadə etmək istəyirəm.

Bu gün qardaş Azərbaycanın böyük uğurlar qazanaraq bölgəsində bir sabitlik abidəsi kimi yüksəlməsində bütün dünyanın təqdir etdiyi müstəsna öndərliyinizin payı şübhəsiz ki, böyükdür. Türkiyə və Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda inkişafında aparıcı rolunuzun davam edəcəyindən və bu əsasda atacağımız müştərək addımlarla ikitərəfli əlaqələrimizin qardaş xalqlarımızın xeyrinə olacaq şəkildə daha da yüksək səviyyələrə çatdırılacağına tam əminəm.

Bu fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycanın rifahı və əmin-amanlığı üçün ən səmimi diləklərimi çatdırıram".

AzNews.az