Nazir Fransa nümayəndə heyətini qəbul etdi

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizə səfərdə olan Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən verilən məlumata görə, fransalı senator Natali Qule Azərbaycanda keçirilən prezident seçkilərini izlədiklərini və heç bir problemlə qarşılaşmadıqlarını, bütünlüklə prosesdən razı qaldıqlarını diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov prezident seçkilərini müşahidə etmək üçün xarici ölkələrdən səfər edən missiyaların fəaliyyətinin önəmini qeyd etməklə yanaşı, Azərbaycanın hər zaman bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub və iqtisadiyyatın müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın BMT TŞ-də növbəti sədrliyi məsələsinə toxunan E.Məmmədyarov ölkəmizin irəli sürdüyü təşəbbüslər, xüsusən də BMT ilə İƏT arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində verdiyi təkliflər və bu kimi məsələlərin TŞ-də də müzakirəsinin nəzərdə tutulduğunu qeyd edib.

AzNews.az