Mirşahin Elçin Əlibəylinin yalanını üzə çıxartdı

"Mən Azərbaycanda ANS TV-yə rüşvət verəcək cəsarətdə olan adam tanımıram"


Xəbər verdiyimiz kimi, jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişməsindən sonra həkim məsuliyyətsizliyi mövzusu təkrar gündəmə gəlib. Yazılı və elektron mətbuat orqanları ilə yanaşı, telekanallar da mövzuya yer ayırıb.

AzNews.az-ın məlumatına görə, ANS telekanalında ötən həftə yayımlanan, Elçin Əlibəylinin müəllif proqramı olan "Açıq söhbət"də də məhz Elnarə Tofiqqızının ölümü ilə bağlı məsələnin müzakirə ediləcəyi gözlənilirdi.

Verilişin bir neçə gün ərzində yayımlanan anonsunda tamaşaçılara müraciətlə proqramda hansı özəl xəstəxanada ölüm faktının baş verməsi ilə bağlı məlumat veriləcəyi bildirilirdi. Ancaq gözlənilmədən proqramın ilk yayımlanan anonsunun mətni dəyişdirilib. Belə ki, sonradan səslənən anonsda özəl klinikalarda qiymətlərin baha, xidmətin isə bu qiymətlərə nisbətən aşağı səviyyədə olması əksini tapıb. Axşam yayımlanacaq proqramın anonsundakı dəyişiklik verilişın mövzusunun da dəyişdirildiyi ehtimalını yaradır. Belə güman etmək olar ki, əvvəlki anonsun efirə verilməsindən sonra "Medi Sina" klinikasının rəhbərliyi ilə müəyyən anlaşma əldə edilib və verilişin axarı dəyişdirilib. Media bu ehtimallardan çıxış edərək özəl klinika ilə verilişin aparıcısı arasında gizli maliyyə sövdələşməsi olduğunu iddia etmişdi.

Sözügedən məsələyə münasibət bildirən ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mir Şahin Ağayev Publika.Az-a açıqlamasında deyib: "Mən "Açıq söhbət" proqramının müəllifi və aparıcısı Elçin Əlibəyli ilə danışmışam. Ötən həftə efirə gedən "Açıq söhbət"də Azərbaycanın özəl klinikalarındakı vəziyyətin müzakirəsində tərəflərin bir neçəsinin nümayəndəsinin verilişə gəlməməsinə görə proqramın mövzusu dəyişdirilib. Çünki verilişin aparıcısı olan Elçin Əlibəyli də əvvəlcədən tərəflərə xəbərdarlıq edib ki, filan vaxtı verilişə gəlsinlər. Özəl klinikanın nümayəndəsi və bu məsələni araşdıran "Aznews.az" saytının əməkdaşı verilişə dəvət edilsələr də, ancaq onlar proqrama gəlməyib. Tərəflər olmadığı üçün verilişin anonsunda öncədən qoyulan məsələlərin daha sonra müzakirə olunması qeyri-peşəkarlıq olardı.

O ki qaldı ANS ilə bağlı ortada gedən "qara-qura" söhbətlərə, bununla bağlı hər hansı fakt yoxdur. Bütün bunlar cəfəng fikirlərdir. Mən Azərbaycanda ANS TV-yə rüşvət verəcək cəsarətdə olan adam tanımıram".

Xatırladaq ki, verilişin aparıcısı olan E.Əlibəyli anons olunan mətnlə efirə getmiş mətn arasında fərq olduğunu inkar edirdi:"Veriliş haqqında onu deyim ki, anonsda nəyi elan etmişiksə, həmin məzmunda onu efirə vermişik. Nə deyilibsə, o da efirə gedib. Kimsə kimdən nə rüşvət alıb, nə də görüşüb".

Bu sözləri o, Hafta.az-a açıqlamasında demişdi:"Orda klinikaların adını çəkmişəm, efirdə demişəm hansılardı və onların gəlmədiyini də bildirmişəm. Vəssalam, daha bu haqda heç bir şərh verməyə ehtiyac yoxdur. Mən nə demişəmsə, onu da çəkmişəm, qonaqlarım da orda idi, qonaqlar da mövzunu bilirdi, bütün müxbirlər də bilirdi. Nə deyilmişdisə, o da çəkilib".

Telekanalın vitse-prezidentinin açıqlamasından göründüyü kimi isə fərq varmış..

AzNews.az