«Elmlər Akademiyası»nın ikinci çıxışı nə vaxt istifadəyə veriləcək?

Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasında ikinci çıxışın inşası ilə bağlı tikinti işləri davam etdirilir.

Hazırda ərazidə qazma işləri aparılır, əlavə tunellər qazılır. Bunu "APA-Economics"ə açıqlamasında Bakı Metropolitenin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda eskalator tunellərinin qazma işləri aparılır: "Ən mürəkkəb işlərə indi başlamışıq. Çətinliklərdən biri də ondan ibarətdir ki, "Elmlər Akademiyası" stansiyasının fəaliyyəti davam edir. Stansiya işləyə-işləyə tikinti işlərini aparmaq çox çətindir. Ona görə də bu stansiyanın ikinci çıxışının istismara verilməsi 2015-ci ilin əvvəlinə çəkəcək".

R.Bayramov bildirib ki, stansiyada əlavə 4 çıxışın tikintisi planlaşdırılır. Burada həm pilləkənlər, həm də eskalatorlar olacaq: "Bu stansiyanın ikinci çıxışı "İnşaatçılar" stansiyasının çıxışı kimi layihələndiriləcək. Həmin 4 çıxışın ikisi Bakı Dövlət Universitetinə, digər ikisi isə avtomobil yollarına çıxacaq".

AzNews.az