Yoxa çıxan teleaparıcı Avropada tapıldı və AzNews.az-a danışdı- Yenilənib

"Mən Avropadayam. Hazırda hansı ölkədə olmağımı və nə səbəbdən Avropaya üz tutduğumu iki gündən sonra, yəni həftənin 3-cü günü açıqlayacam".


Bunu AzNews.az-ın əməkdaşına "yoxa çıxması" xəbəri yayılan "Space" telekanalının aparıcısı İdris Cəfərov bildirib.

Onun sözlərinə görə, Avropaya birdəfəlik getməyib: "Azərbaycandan birdəfəlik getməmişəm. Mən doğma Azərbaycana qayıdacağam. Sevimli "Space tv"də olacam, amma hələ yox".

***
12:50

Oktyabr ayının 12-si İdris Cəfərov "Space" TV-də 13 illik fəaliyyətinə son qoyaraq, oranı səssiz-səmirsiz tərk edib.

Məlumata görə aparıcının işdən çıxmasına səbəb "Space" TV-nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova ilə aralarında baş verən mübahisə olub.

İ.Cəfərovun işdən niyə getməsinin səbəbini araşdırarkən AzNews.az-a maraqlı məlumatlar daxil olub.

Mənbənin verdiyi məlumata görə, o, sözügedən kanalı tərk edən günün səhəri xarici ölkələrin birinə üz tutub. Onun işə gəlməməsi ilə bağlı "Space" araşdırma apardıqda isə "AZAL"-dan onun Azərbaycanı tərk etməsini təsdiqləyən məlumat verilib.

Mənbə onu da bildirdi ki, İ.Cəfərovun işdən getməsi ilə Space TV-nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova ilə heç bir bağlantısı yoxdur. İ.Cəfərov başqa məsələlərə görə kanalı tərk edib.

Məlumatı dəqiqləşdirməkdən ötrü "Space" telekanalının icraçı direktoru Kamil Şahverdiyevlə əlaqə yaratdıq. O, AzNews.az-a açıqlamasında bildirdi ki, İ.Cəfərovun haqqıda yayılan məlumatlardan xəbərsizdir: "Kim gedib? Niyə gedib? Mənim bunların niyə xəbərim yoxdur? Axı İdris getsə, mənə ərizə verər. Onun ərizəsinin üstünü mən yazmalıyam. Bütün bunlardan mən xəbərsizəm. İşin sonuna kimi mən bunları öyrənim mətbuata məlumat verərəm. Axşam əlaqə saxlayın".

Qeyd edək ki, aparıcı gedişinin səbəbini tezliklə video-müraciət halında təqdim edəcəyini bildirib: "Bu həftənin Çərşənbə günü Youtube kanalında "İdris Space" adlı videoda mən son vaxtlar "Space" TV-də baş verənləri bütün təfərrüatı ilə hər kəsə açıqlayacağam. Bu videonu mütləq izləyin. Mən "Space" TV-ni ömürlük deyil, oraya yenidən qayıtmaq üçün tərk etmişəm!" – deyə, İ. Cəfərov qəzəbini də gizlətməyib.

Bahar Rüstəmli
AzNews.az