Falçı Almaz: “Arxamda MTN, DİN dayanıb”

Mistikadı, nədi, bilmirəm; nədənsə, hər dəfə bir əskiklik çıxır. Bu qədər təsadüf ola bilməz!!! Axı, ümumiyyətlə, təsadüflər olmur. Bu dəfə də alınmasa, artıq Almaz xanımın vergili olduğuna zərrəcə şübhəm qalmayacaq.

Düz üç gün-üç gecə redaksiyamızda o əməkdaş qalmadı ki, Almaz xanıma müxtəlif adlar və nömrələrlə zəng edib, görüş qoparmağa çalışmasın. Hər dəfəsində görücümüz sanki niyyətimizdən duyuq düşüb, telefonu üzümüzə qapayırdı.

Sürücü mistikanı "korladı"

Nəhayət, bir neçə gündən sonra budur, son gümanımız gələn sürücümüz işi yoluna qoya bildi və… Falçı Almazın "hə"sini aldı.
Allahsaxlamış olmasaydı, az qala, bütün bu müəyyən zərurətdən doğan təsadüflərə uyub baxıcılığa nəinki inanmağa, hətta baxıcılığa başlaya bilərdim. (Ay can-ay can, nə qaz vurub, qazan doldurmaq olar!)
Xahiş edirəm, ciddiyətimə inanın. Burda çətin nə var ki?! Almaz xanım demişkən, TV-lərdə piarına 3-4 min xərc çəkib, abır-həyamı qatdalayıb dal cibimə qoyur və baxıcılığa başlayıram. Hələ bir az təcrübə yığıb, babat "day-day" tapdımsa, bir az da üzərimdə işləyib, özümə prodüsser götürə bildimsə, var ya, Zirəddin-zad yanımda qələt edər. Olaram bu ölkəninn bir nömrəli baxıcısı… Yox, ekstrasensi.

Qorxdum ki, birdən məni öldürərlər

Belə məşəqqətli yollardan keçib, Almaz xanımın telefonda tərif etdiyi ünvana çatdıq. Sağ olmuş, qonşusunun balkonundan yarıya qədər sallanıb bizə əl eləyərək, yuxarı çaqırdı. İşdən sonra getdiyimizdən, 8 yaşlı oğlumu da özümlə götürmüşdüm. Oğlumu maşında qoyub qalxdıq "müqəddəs ocağa".

Qonşudan çıxıb, üzümüzə gülə-gülə evinin qapısını açdı. İçəri keçdik. Dəhlizdə işıq olmadığından, ayaqqabılarımızı qaranlıqda əl havasına çıxarmalı olduq. İçəri keçə-keçə dedi:

- Qorxduz, hə? Mən də Moskvaya ilk dəfə gedəndə axşam binanın bloku belə qaranlıq idi. Qorxdum ki, birdən məni öldürərlər.
Yenə bayaqkı kimi gülüb, mənasız söhbəti qapatdı.

Evin aurasından, toz-torpaq və havasızlığından hiss elədim ki, burda daimi yaşayış yoxdu. Yanılmamışdım. Özü də dedi, daha doğrusu, minnət qoydu ki, bəs bu gün Moskvaya gedəcəkmiş, bizə görə yolçuluğu təxirə salıb. Ümumiyyətlə, konkret bir yerdə qalmadığını, işi ilə bağlı daha çox Moskvada yaşadığını, elə bu günlərdə də orda bir televiziya verlişinə dəvət aldığını birnəfəsə döşədi. Bir az daha üyüdüb-tökdükdən sonra stolun üstündəki kartları götürüb, bir-bir aça-aça kim olduğumuzu, nə niyyət tutduğumuzu soruşdu.

Mənim yalançı ərim

Sürücümüz mənə aman verməyib, Almaz xanıma cavab verdi:
- Bizim uşağımız olmur, yola getmirik, heç nədən qan-qaraçılıq düşür evimizə. Bu, dəhşət qısqanclıq edir, daşa-divara da qısqanır məni…
Beləcə, oxuyub-görüb öyrəndiyi mutsuz bir ailə tablosu uydurub çizdi. Heç cür susub kirimirdi ki, xanım işinə başlasın.

- Yoldaşım (məni göstərir) müəllimədi, - "qarabaxt ərim" (bundan sonra dırnaqsız, – red.) davam elədi, - özüm də taksi şoferi…

Qarabaxt ərimin fantaziyası artıq məni əsəbiləşdirirdi. Özünün də dediyi kimi, yola gedə bilmədiyimizi fürsət bilərək üstünə qışqırıb, az danışmasını tələb elədim. O da öz növbəsində vəziyyətdən yararlanıb mənimlə əməlli-başlı davaya qalxdı. İyicə dalaşqan ər-arvad havasına girmişdik.

Hamısı cadu-əməldəndir

Xoş niyyətli Almaz xanım mübahisəmizi kəsdi, düzdüyü kartlara diqqətlə baxıb, gözəgörünməzliklərdən gördüklərini dilə gətirdi :

- Vaayyy, sizin gününüz bax beləcə, dava-dalaşla keçir. Bir-birinizi dəlicə sevməyinizə baxmayaraq, xoşbəxt ola bilmirsiz. Hamısı da sizə edilən cadu-əməldəndir. İncimə, qardaşım, mən düzünü deməliyəm. Sizin xoşbəxtliyinizə mane olub cadu edən də sənin ailəndi. Ailən bu qızı ilk gündən qəbul etmək istəməyib. Onların dediyi qızı yox, bunu aldığına görə. Bu yazığın heç bir günahı yoxdur.Uzaqda qohumunuz var, hə? Bir də cavan qohumunuz rəhmətə getməyib?

Ərimin susduğunu görüb əlavə edir:

- Nə vaxtsa…

Biləsuvardan paqonlu bir müştərim var...
Qarabaxt ərim bu saçma-sapanı da təsdiqləyir.

- Həm də sənin qaranlığın var. Sükan arxasındamı deyim, yol üstündəmi-nə, maşında xətər görürəm sənə. Özü də xətəri bel hissəndən alacaqsan. Bu əməli üstündən təcili təmizləməliyəm. Yoxsa, axırın qaranlıq görünür. Başdan-ayağa nəzər, əməl-cadu içindəsən. Haralısız?

- Biləsuvarlı.

- Biləsuvardan bir paqonlu müştərim var. Mənim üçün eləmədiyi şey qalmayıb.

Yuxarılardan elə adamlarla işləyirəm ki…

Kimliyini soruşuruq, gülə-gülə: "Demərəm axı. Mən nə bilmi ki, siz onun qohumu, qonşusu deyilsiniz?! – deyir. - Mən elə işləsəm, müştərilərimi itirə bilərəm. Yoxsa yuxarıdan elə adamlarla işləyirəm ki, adlarını çəksəm, diliniz quruyar".

Sürücümüz əndazəni necə aşdı

Kartları yenidən qarışdıra-qarışdıra diqqətlə üzümə baxır:

- Ailədə altı bacı-qardaşsız.

– Özümü bir sifətə salıram ki, guya təəccübdən nitqim quruyub (əslində isə 4 nəfərik) və bu öncəgörümünü başımla təsdiqləyirəm. Qalib ədasıyla bic-bic gülüb davam edir:

- Açığını deyim ki, yaman xoşuma gəldin. Çox gözəlsən. Ürəyin də tər-təmizdi.

Artıq oyuna başladığını görüb (mən də bu məqamı gözləyirdim) söhbətə keçid alıram. İçəri girəndən diqqətimi çəkən üstü kart şəkilli maraqlı koftasını hardan aldığını soruşuram.

- Bunu mənə Moskvada bağışlayıblar.

Ərim başlayır xanıma komplimentlər deməyə. Xanımın üzündə güllər açır. Təvazökarlığa keçir.

- Qocalmışam hələ. Baxın, başımda bir dənə qara tük yoxdu. Rənglə-zadla gizlədirəm. Elə bil, heç 28 yaşım yoxdu, qoca qarıyam.

Get-gedə komplimentlərin dozasını artıran ərimin yaradıcı fantaziyası aşıb-daşır:

- Bax, indi sizə tərif deyirəm, bu zalımın qızı bunu da qısqanır. – Söz Almaz xanıma necə ləzzət eləyirsə, ağzı gedib qulaqlarının dibinə çatır və qəfildən yerinə qayıdanda başlayır qışqırmağa:

Kukla kimi ər


- Bu nə deməkdir?! Sən də mənim qardaşım. Mənə belə söhbətlər etmək olmaz! Mənim kukla kimi ərim var. Buna görə heç vaxt kişilər tək gələndə baxmıram. Deyirəm ki, gedin, xanımla gəlin. Mən belə müştəriləri iti qovan kimi qovuram. Yığışdırın bu söhbətləri!!!

Birtəhər aranı sakitləşdiririk. Anidən qızışdığı kimi, anidən də sakitləşir. Qayıdır kartlara. Mənə üzünü tutub deyir:

- Bacı, narahat olma. Sizin taleyinizdə bir oğlan, bir qız görürəm. Özü də bu, səni dəlicə sevir. Başa düşürəm, qısqanclığı sevgindəndi, amma narahat olma, sizin üstünüzdəki əməl-cadunu götürüb təmizləyəcəm. Sonra xoşbəxt də olacaqsınız, balanız da olacaq.

Xoşbəxtliyimizin xərci

- Bizim xoşbəxtliyimizin xərci nə qədər olacaq?

- Nəyə gücünüz çatar?

- Baxıcı sizsiniz, mən nə qiymət deyim? Görürsünüz ki, elə də güclü imkanımız yoxdu.

Elə bil, adamın atasının goruna söyürəm.

- Baxıcı-zad nədir? Mən ekstrasensəm.

Bizim işimiz narkozdur

- Cindar əməli var, molla duası var. Cindarlar yalandan Quranı tutur üzünə, artistlik edir, mollalar xristian üsulu ilə, bax, mənim kimi kartla baxır. Mənim heç bu karta da ehtiyacım yoxdu ee, hissiyatımla baxıram. Sən içəri girəndən bütün ruhunu oxumuşam. Məlumatlar mənə birdən, özü də çox gəldiyinə görə, kartı da açıram ki, onların üstündə fikrimi cəmləyəm. Cindarların əməlinin təsiri tez keçir. Elə bil, analgin-dimedrol kimi bir şey. Amma bizimki narkozdu.

- Deməli, belə çıxır ki, sizinki də müvəqqətidi də.

Almaz xanımın canavarla döyüşü

- Əlbəttə, daimi heç nə yoxdu. Biz ekstrasenslər heyvanlarla işləyirik. Canlı heyvanlarla.

– Almaz xanımın bu sözündən sonra bu dəfə doğurdan əlim üzümdə qalır.

- Bəs nə, səni heyvanın üzərində canlandırıb işləyirəm. Əl-ayağıma baxın.

- Qollarını çırmalayır. Bir-iki yerdə yüngülvarı cızıq görünür.
Dediyinə görə "iş" prosesində canavarla əlbəyaxa olubmuş.

Mənim bir kişiylə görüşüb öpüşdüyümü görmüsüz?

Bu arada maşında qalan oğlum durmadan zəng edir. Əslində bu mənim işimə yarayır, çünki danışmağı bəhanə edib telefonla onun şəkillərini çəkirəm. Yoldaşım da aramsız gələn zənlərdən qısqanclıq krizinə girir. Yenidən mübahisəmiz düşür.

Baxıcımız yenə başlayır bizi sakitləşdirməyə:

- Mənim yerimə olsan neynərsən bəs?! Ərim gözümü açmağa imkan vermir. Onsuz bir addım da ata bilmərəm. 23 yaşımdan efirlərdəyəm. Hər dəfə iki addımlığımda oturur. Efirdə mənim bir kişiylə görüşüb öpüşdüyümü görmüsüz?
Dilim dinc durmur:

- Rəşid bəylə çox mehriban davranırdınız axı.

"ANS"dən Elgizdi…

- Əşşi, o, qoca kişidi, - gülür, - onun qısqanılası nəyi var? - Telefonuna zəng gəlir. Söndürür. - "ANS"dən Elgizdi. Efirə dəvət edir. Bayaq da "Lider"dən Xuraman dəvət eləmişdi. Vaxtım olmur. Bax, görürsüz, mənim buynuzum qızıldan deyil ki?! Tamaşaçı məni tələb edir deyə, çağırırlar. Reytinqim var axı. Yoxsa adamlar var ki, bir proqrama çıxmaq üçün TV-lərə 2-3 min pul verir.

TV demişkən, divardakı diplomları göstərib, gözümə ilk dəyən "Lider"in "Ekstra hiss" proqramının diplomuyla bağlı soruşuram.

TV-lərdə yerlər pulla satılır

- Bunlar hamısı boş şeylərdi. Yerlər puluynan satılır. İstəsəm, mən də birincilik diplomu alardım. Amma mənim belə şeylərə ehtiyacım yoxdu. Hələ bu nədi, rayondakı evim doludu diplomlarla.

Falçı Yeganə bacarmadı, mən həll elədim

- Düzünü deyin görüm, məndən əvvəl hansı məşhurların yanına getmisiz?

- Yeganənin.

Məzhəkəçi tərzdə gülür:

- Nə qədər vermisiz ona?

- 1500 istədi.

- Ay əlinə dönüm! O, elə yüksək qiymət oxuyanda elə sevinirəm ki! Zəng edib deyirəm ki, əllərindən öpürəm. Bir nəfər ona beş dənə brilyant vermişdi, işini düzəldə bilməmişdi. Mən üç minə həll elədim.

- Axı o qaranti vermir. Bir də bizə deyib ki, Allahşükürün hesabına işləyir. Düz deyir?

Mənim arxamda MTN, MVD durub


- Mən onu pisləyə bilmərəm heç vaxt. Həkimlər var ee, yanına başqa həkimin resseptini aparanda deyir, "kül başına, qanmır-filan". Mənim elə xasiyyətim yoxdu. Mənə nə - onu kim qoruyur? Ona qalsa, mənim dalımda MTN, DİN dayanıb. Onların nəzarətində işləyirəm.

Yoldaşım soruşur:

- Nadim var ee, efirə də tez-tez çıxır. Onu da tərifləyirlər. Məsləhətli baxıcıdı? Mən taksi sürürəm axı, olur ki, müştərilər məndən baxıcıları soruşur. Bir də sizin nömrənizi verə bilərəm onlara?

Nadimi mən gətirmişdim, mən də qaytardım

- Çox safsınız ee, efirdən hər gördüyünüzə inanırsınız (gülür). Nömrəmi də ki, verməyinə ver e, amma mən çox vaxt burda olmuram. Şəmkir uşaqları tez-tez aparır məni Moskvaya.

- Babat pul verirlər barı?

- Allah qəbul etsin, pis deyil. Amma olur ki, bir qəpiksiz gedib-gəlirəm.

- Niyə?

- O yerə ki burnum girmir, başımı nətəri soxum? Yaxşı müştəri olsa, nömrəmi verin, skaypla baxaram. Onsuz da demək olar ki, son vaxtlar ancaq internetdən işləyirəm. Skayp ən rahatıdı. Nadimə gəlincə, onu Moskvadan mən gətirmişdim, burda da qabağa mən çəkdim. Özünü yaxşı aparmadı, dalına təpiyi qoyub yolladım yerinə. Mənim qızlarım ondan yaxşı baxır.

Burda da vəzifə irsən keçir

Qızlarını çağırır. Biri beş, o biri səkkiz yaşlarında olan iki gözəl qızı gəlir. Böyük qızına deyir:

- Bunlara bax, gör, nə deyə bilərsən? Çox qısa, bir-iki cümləylə.

Qız yoldaşıma baxıb deyir:

- Sənin maşının var?!.

Anası müdaxilə edir:

- Nə görürsən maşınında, nə gözləyir bunu maşında?

Qız sözü göydə tutmuş kimi deyir:

- Qaranlığın var, qəza edəcəksən.

Qızını öpür:

- Gedin, sakitcə oturun divanda, kompüter oynayın.

Qızlar sevincək qaçırlar.

Adambaşına iki yüz manat və xoşbəxtlik!

- Başqa nə dərdiniz var? Danışın, mənə baxmayın, mən danışmağı sevmirəm. Daha çox dinləməyi xoşlayıram. Yox, əgər başqa probleminiz yoxdursa, gedə bilərsiz.

Duaları nə vaxt götürə biləcəyimizi və qiymətini dəqiqləşdirmək istəyirik.

- Baxıram, kasıb adamsız, həm də bir-birinizi çox sevirsiz. Allah bərəkət versin. Hərəniz iki yüz manat verərsiz. Lap indi verin, sabah saat doqquzda gəlib duaları götürün.

Bəs harda qalmısan? Tez ol, gəl evə!

İşin müharibəli yerinə gəldiyimizi anlayıb yoldaşıma deyirəm:

- Sən düş maşında gözlə, mənim xanımla söhbətim var. Bir azdan mən də gələcəm.

Yoldaşım çıxır. Bu vaxt Almaz xanım da ərinə zəng edir. Və başlayır qışqırmağa ki, bəs harda qalmısan? Tez ol, gəl evə!
Danışa-danışa keçir o biri otağa.

Məni bir qüvvə qoruyurmuş

Anasının çıxdığını görən kiçik qızı qaçır yanıma. Diqqətlə üzümə baxıb şirin-şirin gülümsəyir. Təbii ki, mən də öz növbəmdə uşağı cavabsız qoymuram. Birdən uşaq deyir:

- Sənin başında tez-tez ağrılar olur. Bir də bir qüvvə səni həmişə qoruyur.

Uşaq anasının gəldiyini görüb qaçır yerinə.

Bu mənzərədən çox təəsirlənmiş halda yerimdən qalxıram. Almaz xanıma baxıb o an ürəyimdən keçən sözlərin hamısını udqunaraq əridib yox edirəm. Əvəzində bayaqdan fikrimdə təkrar etdiyim sözü soruşuram:

Oğlumun əlləri

- Otuz manat.

Gözləyin, düşüm, ərimdən alıb gətirim. Dualar üçün də sabah gələcəyik.
Yorğun və hüzünlü halda pillələri enirəm. Təbii ki, "ərimdən" o pulu almıram və geri də qayıtmıram. Amma…

Yol boyu gülümsəyən o körpənin yaddaşıma güllə qəlpəsi kimi girmiş məsum üzü gözlərimdən getmir. Bu xəyaldan məni bayaqdan fərqində olmadan əlini bərk-bərk sıxdığım oğlumun "ana, ağrıdırsan "sözü ayırır.


axar.az