- Köhnə - Cəmiyyət
- 25 Oktyabr 2013 11:46
- 2 150
Almaniya prezidenti və kansleri İlham Əliyevi təbrik etdi
Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk təbrik məktubundə deyib: "Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istəyirəm. Mən təbriklərimlə yanaşı, ümidimi də ifadə etmək istərdim ki, ölkəniz demokratiya və hüquqi dövlətçiliyin inkişafı istiqamətində daha da irəli gedəcəkdir.
Azərbaycan həm bu yolda, həm də Avratlantik dəyərlər birliyinə istiqamətlənmə prosesində Almaniyanın dəstəyinə güvənə bilər.
Ali dövləti vəzifənizdə Sizə səmərəli fəaliyyət, uğurlar və işlərinizin avand olmasını səmimi qəlbdən arzu edirəm"
Angela Merkel isə təbrik məktubunda qeyd edib: "Hörmətli cənab Prezident, Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ölkələrimiz arasında ikitərəfli xoş münasibətlərin gələcək inkişafına böyük nikbinliklə baxıram. Əminəm ki, Azərbaycan "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlığın potensialından tam istifadə edəcəkdir. Ölkənizin inkişafına, xüsusilə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna yönəlmiş siyasətinizi qətiyyətlə davam etdirmək işində Sizə uğurlar diləyirəm. Almaniya indiyədək olduğu kimi, Azərbaycanı bu yolda etibarlı tərəfdaş kimi dəstəkləməyə hazırdır. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm".
AzNews.az