Elçin Əlibəyli Vaqif Mustafayevin müdafiəsinə qalxdı

ANS-in əməkdaşı Elçin Əlibəyli son zamanlar mətbuatda "Space"in əməkdaşı İdris Cəfərovun kanalın direktoru Vaqif Mustafayevlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Vaqif Mustafayevi "Azərbaycan milli kinosuna yeni nəfəs gətirən, onu yeni istiqamətə yönləndirən" rejissor kimi xarakterizə edən E.Əlibəyli kanal rəhbərinin müdafiəsinə qalxıb: "Ən dəhşətlisi şəxsi həyata müdaxilə, yataq mövzusunda şou qurmaqdır. Yenə deyirəm, unutmayaq ki, söhbət ziyalıdan, yaradıcı şəxsdən, uğurlu filmlərə imza atmış rejissordan gedir".

Bu xəbərlərin yayılmasında mətbuatı da günahlandıran E.Əlibəyli "İdrisin videosu sürətlə yayıldı. Mətbuat sanki onun peşində idi. Amma anlamırdı ki, "Space" də mətbuatdır. Mətbuat "bossları" əslində düşünməliydilər ki, sabah onların redaksiyasından ayrılmış hər hansı bir şəxs də bu hərəkəti edə bilər. Pis bir tendensiyanın əsası qoyulur" deyə bildirib.

Videoda adı çəkilən ATV-nin keçmiş vitse-przidentinin katibəsi məsələsinə də fikir bildirən E.Əlibəyli "Hər kəsə bəllidir ki, onun katibəsi olmayıb. Adı çəkilən xanımsa reklam departamentinin işçisi olub, təhsili və təcrübəsi də imkan verir ki, başqa televiziyada işləsin. Burda faciəvi nə var ki?" deyə yazıb.

Yaradıcı adamın kiməsə simpatiyası, hətta, sevgisinin də ola biləcəyinin qeyd edən ANS əməkdaşı yazısına belə davam edib: "Bu ki, qadağan olunmayıb. Bir də, bizim kiminsə şəxsi həyatı ilə nə işimiz var? Hərənin həyatı, taleyi bir cür olur. Bunu qisas mövzusuna çevirmək, şişirtmək bizə nə verəcək? Bizə Vaqif Mustafayevin işi lazımdır, yoxsa şəxsi həyatı? Şəxsən, mənə onun əvəzolunmaz filmləri lazımdır".


Elnur
AzNews.az