- Köhnə - Cəmiyyət
- 26 Oktyabr 2013 11:05
- 5 545
Amerikalı müşahidəçi seçkilərdən danışdı
“Azərbaycanda prezident seçkiləri ədalətli keçirildi”
APA-nın məlumatına görə, bu barədə ABŞ Konqresinin fəaliyyətini işıqlandıran "The Hill" nəşrinin bloqunda Nyu-York ştatından olan keçmiş konqresmen, demokrat Maykl Makmahon yazıb.
Amerikalı müşahidəçi qrupunun tərkibində oktyabrın 9-da keçirilən prezident seçkilərini izlədiyini qeyd edən M. Makmahon yazır ki, Azərbaycan rəsmilərindən onlara heç kim təsir göstərməyib: "Seçki məntəqəsinə gələn vətəndaşın baş barmağını ultra-bənövşəyi lampa ilə yoxlayır, sonra isə barmağın üzərinə xüsusi maye çəkirdilər. Məntəqənin əməkdaşları seçicinin şəxsiyyət vəsiqəsini yoxlayandan sonra ona seçki bülleteni verirdilər. Hər seçki məntəqəsi təxminən 1000 seçicini qəbul edib və hərəsində prezidentliyə namizədlərin ən azı bir nümayəndəsi iştirak edib. Məntəqələrin çoxunda veb-kameralar var idi. Məntəqələrdə növbələr uzun deyildi və prosedur daha təhlükəsiz idi. Florida ştatından fərqli olaraq, heç kim saatlarla növbə gözləmirdi".
M. Makmahon daha sonra qeyd edir ki, onların qrupu Bakı və bölgələrdə 400-ə yaxın məntəqədə müşahidə aparıb: "Mən və həmkarlarım müxtəlif seçki məntəqələrini ziyarət etmişik. Bu sırada həm prezident İlham Əliyevin səs verdiyi, həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşmüş insanlar üçün yaradılan seçki məntəqələri vardı. Müşahidələrimizdən belə qənaətə gəlmək olurdu ki, seçicilərin çoxu verdiyi səslərin düzgün sayılacağında, tarixin bir hissəsi olacağında qətiyyətli idi".
Məqalənin sonunda eks-konqresmen Azərbaycanın ABŞ üçün nə dərəcə vacib olan ölkə olduğunu da qeyd edib: "İranla Rusiya arasında yerləşən, neft-qaz ehtiyatları ilə zəngin və demokratiyaya doğru addımlamaqda qərarlı olan Azərbaycan ABŞ-ın çox vacib tərəfdaşıdır".
AzNews.az