Milli Məclisin iclası keçirilir

Bu gün Milli Məclisin növbəti iclası keçirilib.

AzNews.az-ın məlumatına görə, iclasda deputatlar bəzi qanunlara dəyişiklik edib, bir sıra məsələləri müzakirə ediblər.

Əvvəlcə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklər müzakirə olunub. Layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti (Səhiyyə Nazirliyi) orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür. Komitə sədri deyib ki, bu dəyişiklik əhalinin sağlamlığının qorunması sahəsində inzibati xətalara qarşı məsuliyyət tədbirlərinin gücləndirilməsi, tibb işçilərinin maddi təminatına və sosial müdafiəsinin artırılması məqsədi daşıyır. Layihə səsə qoyularaq qəbul olunub.

Milli Məclisdə Azərbaycanda mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cəzaların sərtləşdirilməsi müzakirə olunub. Keçirilən plenar iclasda bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəlləyə edilən dəyişikliyə əsasən mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycanın ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir (əvvəl xəbərdarlıq edilərək 15-40 manatadək cərimə nəzərdə tutulurdu).

Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə isə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.

Digər dəyişikliyə əsasən mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimələnir. Eyni zamanda yuxarıda qeyd olunan xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə olunur.

Dəyişiklikdə edilən qeydə uyğun olaraq bu maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Layihələr səsə qoyularaq qəbul olunub.

"Sosial müavinətlər haqqında" qanuna əlavə və dəyişikliklər də iclasda müzakirəyə mövzusu olub. Layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihə çoxuşaqlı ailələrə müavinətlərin verilməsi ilə bağlıdır.

Əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq. Layihə səsə qoyularaq qəbul olunub.

AzNews.az