O kişi qadınına ağlayırsa...

Bu gün payız fəslinin girməsinin 40-cı günüdür. Bu il payız çox sərt başladı. Elə ilk gündən bizə ən qəddar "üzünü" göstərdi...

***
Hələ onlayn olmayan saytımızda iş elə işlək saytlar kimi davam edirdi.
Qaradan da daha tünd çalarları olan o xəbəri Facebook-dan (kompüterdən) öyrəndik.

Yeni gələn işçi, "Anar bəyin soyadı Niftəliyevdi?" deyə soruşdu.

"Həə, noolub ki?"

"Vay, vay, bəd xəbər var..."

O haqda ilk statusu Anar Gəraylı yazmışdı.

Statusu oxuduğum an içimdə nə isə qopdu. "Ola bilməz, olmaz elə şey!" kimi yarımçıq, qırıq-qırıq sözlər, cümlələr işlətdiyimi xatırlayıram.

Sonra A.Gəraylıya zəng vurdum, təsdiqlədi. Yenə inana bilmədim. Sonrasa... Sonrası məlum: bütün susqun baxışlar, donuq sifətlər bu dəhşətli xəbəri təsdiqləyirdi...

***

Güc-bəlayla gedib o lənətəgəlmiş klinikanı tapdıq. Düşmən ocağı kimi narahat, sıxıcı gəldi o məkan mənə. Hamı susurdu, təkcə gözlər, istəsə də susmağı bacarmayıb, yaşlarla "danışırdı".

Xəstəxana qoxusu ruhumun hansısa qatına elə möhkəm hopub ki, hər hansı xəstəxana, tibb mərkəzi, klinikanın yaxınlığından keçəndə o qoxu ruhumu silkələyir. Həyatımın ən dəhşətli anını "Semaşko"nun həyətində keçirmişəm. Başımı əllərimin arasında sıxıb həyatımda ilk dəfə çox içdən hönkür-hönkür ağlamışdım...

O gün "Medi Sina"dan çıxıb morqa gedəndə yol boyu "Semaşko"da "keçirdiyim" 3 ay, film lenti kimi keçdi gözümün önündən. 14 gün komada, 3 ay palatada qalan, gözünün qarşısında "ölüm-dirim savaşı" verən doğmanın, bir parçanın dəhşətli vəziyyəti...

***
"Semaşko"da morqun həyətində gördüyüm mənzərə ömrümün sonuna qədər yaddaşımda ilişib qalacaq, yəqin ki. Hər gənc qadın ölümü, itki qulaqlarımda o "kişi hönkürtüsünü" cingildədəcək. Uşaqların ağlaması adamın əhvalını pozur, korlaya bilir, qocaların, qadınların ağlaması kövrəldir, incidir adamı, amma bir kişinin ağlaması adamı, sadəcə öldürür! Bir kişinin hönkürüb ağlamasından dəhşətli nə ola bilər axı?.. Özəlliklə, o kişi qadınına ağlayırsa...

Elnarə xanımın ölümündən bir neçə gün sonra eşitdim ki, Anar bəy 2 günə 22 qutu siqaret çəkib...

"Yalandır ki, guya zaman hər yaranı sağaldır –zaman məlhəm deyil, qardaş, olsa-olsa sarğıdı..." (c) Salam Sarvan

***

İnci və Xatunun heç nə olmamış kimi oynamaları, danışıb-gülmələri adamı sevindirdiyi qədər kövrəldir də. Fərqində deyillər hələ, həyatlarından yerini heç kimin, heç nəyin doldura bilməyəcəyi biri "gedib".

Heç vaxt qayıtmayacaq, qayıda bilməyəcək, boşluğu heç kim tərəfindən doldurula bilməyəcək biri - ana!

Elnarə xanım qırmızı rəngi çox sevirdi. Qəbiri üstünə gedəndə qırmızı qərənfillər aldıq. Hələ qəbir daşı qoyulmamışdı, torpağın üstünə gülləri qoyub səliqəyə salanda, torpağa toxunanda o qədər qarışıq, izaholunmaz hisslər keçirdim ki...

İndi düşünəndə qeyri-ixtiyari Aqşinin Şahin Ağabəylinin ölümünə yazdığı şeirdən bu misralar gəlir ağlıma:

Tanrılar dizinə döyür, yolur saçını mələklər,
At əvəzi it oynadır küçədə kefli küləklər,
Boş-boşuna cırıldayır, yellənir boş yelləncəklər,
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər...

***

O gün içimdə böyük bir boşluq yarandı. Üstündən 40 gün keçib, o boşluq hələ də mövcuddur. İçini ağrının, kədərin belə doldura bilmədiyi boşluq...

AzNews.az