İran kapitulyasiya şərtlərini qəbulmu edir?

İranın dövlət televiziyası molla rejiminin sülh şərtlərini açıqlayıb.

Şərtlər ibarətdir:
- "Təcavüz və sui-qəsdlərin" tamamilə dayandırılması;
- İrana qarşı müharibənin yenidən başlamaması üçün konkret mexanizmlərin yaradılması;
- Müharibə zərərlərinin və təzminatlarının zəmanətli və aydın şəkildə müəyyən edilmiş ödənişi;
- Müharibənin bütün cəbhələrdə və regionda iştirak edən bütün müqavimət qrupları üçün başa çatması daxildir.
- İrannın Hörmüz boğazı üzərindəki suverenliyinin tanınmasını və onun İranın təbii və qanuni hüququ olaraq qalacağına zəmanət verilməsi.

İndi bu maddələri incələyək.

1. Əgər sülh müqaviləsi bağlanırsa, bu təbii ki, hərbi əməliyyatların, o cümlədən qarşı tərəfin vəzifəli şəxslərinin aradan götürülməsi cəhdlərinin dayanması deməkdir. Məntiqlə şərt olmamalıdır. Amma niyə şərt qoyulur? Diplomatik dildən sadə dilə çevirəndə həmin cümlə Müctəba Xəmneyiyə və SEPAH komandirlərinə təhlükəsizlik təminatı almaq istəyidir.
2. Bu, tərəflər arasında qarantiya yaradan üçüncü dövlətlərin fəaliyyəti ilə bağlıdır. SM imzalanarsa, çox güman bu rolu Pakistan üzərinə alacaq.
3. Bu, İranın masada əlini gücləndirmək üçün irəli sürdüyü şərtdir, digər yazılı və şifahi qaydada əldə olunmuş razılaşmalarla ABŞ-ın boynuna qoyacağı maliyyə yükünü bir qədər yumşaltmaq üçündür.
4. Bu şərt ikibaşlıdır. Bir tərəfdən ərəb ölkələrinə İranın hücumunu dayandırır, o biri tərəfdən isə İranın proksi qüvvələrini qoruyur. Danışıqlarda əsas mübahisə predmeti ola bilər. Çünki ABŞ və İsrail İranı proksi qüvvələrinə dəstəyini tam kəsmək istəyir.
5. Hörmüz boğazında İranın suverenliyinin tanınmasının Sülh Müqaviləsi mətnində vurğulanması problem deyil, ancaq bu "suverenlik" ABŞ maraqlarına qarşı qoyula bilməyəcəyi də aydındır.
Beləliklə, önə sürülən 5 şərt İranın kapitulyasiya aktına razılığının ilkin siqnalıdır.
1-ci gün Pakistan vasitəsi ilə aparılan danışıqlar davam edəcək və bu şərtlər göstərir ki, İranın ABŞ-ın planını rədd etməyə taqəti qalmayıb. Ona qədər də dizi bir az da yerə qoyalacaq.
İran bu şərtlərlə nüvə silahı və raket arsenalı ilə bağlı ABŞ-ın ultimatumunu faktiki olaraq qəbul edir.
Qarşılığında:
- ABŞ İranın "mülki məqsədli" nüvə sektoruna yardım adı ilə atom bombası layihəsini tam nəzarətə götürür;
- İqtisadi sanksiyarı qaldırmaqla ilk növbədə neft və digər enerji sektoruna, bütövlükdə İran iqtisadi sisteminə daxil olur;
- İranı müqavilə tərəfinə çevirməklə İran üzərindəki siyasi nüfuzunu təsdiq edir, təzyiq aləti yaradır.
Bu məcrada yeganə həll olunmamış məsələ İran rejiminin qalıb-qalmamasıdır. İranın ali vəzifəli şəxsi rəsmi elana əsasən hazırda huşu başında olsa da, olmasa da Müctəba Xəmneyidir. Rejimi o təmsil edir. Prezidentin və ya xarici işlər nazirinin imzaladığı İran konstitusiyasına zidd müqaviləyə görə də o məsuliyyət daşıyır. Məsələ burasındadır ki, İranın uran ehtiyyatları ilə bağlı müqavilə imzalamaq, yəni bu hərbi və iqtisadi sərvəti ABŞ nəzarətinə vermək İran Konstitusiyasına (maddə 153) birbaşa ziddir. Odur ki, ABŞ-la bağlanan müqavilə II Xəmneyinin başında çatlaya, yəni o devrilə bilər. Əgər belə bir çevriliş baş tutarsa, çevirən tərəflər bunu Xomeyninin vəlayiti-fakih nəzəriyyəsi ilə əsaslandıraraq, onun səltənətin islama zidd olması barədə fətvası ilə əlaqələndirəcəklər.

Taleh Şahsuvarlı,

AzNews.az