“Rəis elə döydü ki, az qaldı öləm” – İşgəncə

"Abşeron polis rəisi Namiq İsmayılov sifariş yerinə yetirir". Bunu AzNews.az-a Abşeron rayon sakini Elvin Adıyev bildirib. Onun sözlərinə görə, polis rəisi Namiq İsmayılov onu dayısı, "Bakterminal" MMC-nin direktoru Seyidağa Mirzəyevlə 6 ay əvvəl başlanan ədavətə görə 3 sutkalıq həbslə cəzalandırıb: "Oktyabrın 22-də mənə zəng gəldi. Abşeron Polis Şöbəsindən Zülfüqar adlı şəxs məni polis rəisinin görmək istədiyini dedi. Şöbəyə getdim. Məni əvvəlcə Zülfüqar qəbul elədi. Üzərimdə olanları yoxlayıb məni rəisin yanına apardı. Rəisin yanında Zülfüqarla bir yerdə polis əməkdaşları, həmçinin mülki geyimli şəxs də vardı. Polis rəisi Namiq İsmayılov onların yanında məni təhqir etməyə başladı. Dayıma qarşı çıxmaqda, onu Korrupsiya Qarşı Mübarizə İdarəsinə şikayət etməkdə qınadı. Sonra üstümə hücum edib şillə-təpiklə döydü. Hədə, şantaj və fiziki təzyiqlərdən özümə gələ bilmirdim. Rəis məni elə döymüşdü ki, az qalırdım özümü öldürüm".

E.Adıyevin sözlərinə görə, polis rəisi onu öldürməklə, həbslə hədələyərək silah, narkotik maddələri ilə tutduracağını deyib: "Mənə dedi ki, elə maddə ilə həbs edərəm ki, 10 il çıxa bilməzsən. Başına güllə sıxıb səni yox edərəm – dedi. Polis rəisi dayımın sifarişini yerinə yetirərək, məni möhkəm döyəndən sonra uydurma ittihamla razılaşaraq 3 günlük həbslə canımı qurtarmağı təklif etdi. Mənə boş kağızları imzalatdırdılar. Sonradan məlum oldu ki, vəkildən imtina etmişəm. Xırdalan şəhərindəki "Heydər parkı" adlanan yerdə telefonla danışarkən söyüş söymüşəm. Polis məni intizama dəvət edəndə isə tabe olmayıb müqavimət göstərmişəm. Guya hadisəni oktyabrın 22-də saat 15.30-da baş verib. Halbuki Mənim RPŞ-yə giriş vaxtım 15.05 olaraq qeydiyyat kitabında da yazılıb. Bundan da görünür ki, özbaşınalığın həddi-hüdudu yoxdur. Rəisin otağında gördüklərimdən elə qorxmuşdum ki, mənə elə gəlirdi ki, məhkəmədə də hakim məni döyəcək. Məhkəmə polisin istədiyi kimi oldu. Mən söyüş söydüyümü "etiraf edib" 3 günlük cəzamı çəkdim. Oktyabrın 25-də cəzam bitdi. Buraxılanda da Namiq İsmayılovun yanına apardılar. O, məni yenidən təhqir edib hədələdi. Başıma güllə sıxacağını, axşama yenidən həbs etdirə biləcəyini və söyləyib "ağıllı ol" dedi".

E.Adıyev həbsi barədə ailəsinə məlumat verilmədiyini, başına gələnlər nəticəsində atası infarkt keçirdiyini deyib: "Ailəm bu hadisədən ciddi ziyan çəkdi. Atam infarkt keçirtdi. Nənəm Abşeron RPŞ-dəki özbaşınalığa görə Prezidentə müraciət edib. Mən apelyasiya şikayəti də verəcəm. Hesab edirəm ki, mənə verilən 3 günlük cəza haqsız olub. Haqqımı axıra qədər tələb edəcəyəm".

Abşeron RPŞ-nin rəisi Namiq İsmayılov AzNews.az-a açıqlamasında bildirib ki, Elvin Adıyevin söylədiklərinə inanmazdan əvvəl onun şəxsiyyəti ilə maraqlanmaq lazımdır: "Siz əvvəlcə gedin Elvin Adıyevin ailəsi ilə, şəxsiyyəti ilə maraqlanın, sonra Namiq İsmayılova söz deyin. Elvin Adıyev niyə gedib ailəsinə baxmır ki". Polis rəisi vətəndaşın gördüyü işgəncədən sonra meydana gələn psixoloji durumuna da münasibət bildirib. E.Adıyevin döyülməkdən özünü öldürmək istəməsi barədə söylədiklərini soyuqqanlı şəkildə cavablandırıb: "Öldürsün də, bəs, niyə öldürmür". N.İsmayılov "Bakterminal"ın direktorunun sifarişini yerinə yetirməsi barədə deyilənlərə isə münasibət bildirməkdən imtina edib: "Nahar vaxtıdı. Polis şöbəsi dövlət idarəsidir. Gəlin, araşdıraq".

Aygün
AzNews.az