Moldova Ombudsmanı Azərbaycanın Fəxri medalına layiq görüldü

Milli Məclisin sədri Oqtay Əsədov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana gəlmiş Moldovanın Ombudsmanı Aureliya Qriqoriu ilə görüşüb.


Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Oqtay Əsədov Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə və Ermənistan parlamentində çıxış edərək rəsmi İrəvanın azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq siyasətini kəskin tənqid etdiyinə görə Azərbaycan xalqı adından qonağa mənnətdarlığını bildirib:

"Sizin bu çıxışınızdan sonar ermənilər tərəfindən təzyiq və təqiblərə məruz qalmağınız onların terrorçu mahiyyətini bir daha göstərmişdir. İşğalçı ölkənin parlamentində səsləndirdiyiniz fikirlər və qətiyyətli çıxışınız sizin ombudsman institutuna sadiqliyinizi və ədalətli müvəkkil olduğunuzu göstərib".

O.Əsədov insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalını Aureli Qriqoriuya təqdim edib.

Aureliya Qriqoriu deyib ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib, 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın və məcburi düşüb: "Bu faktdır və ədaləti bərpa etmək üçün bu fakt ermənistan parlamentində səsləndirilmişdir". Öz fəaliyyətində daim ədalət prinsiplərinə əsaslandığını bildirən A.Qriqoriu diqqətə çatdırıb ki, ermənilərin təhdidlərinə baxmayaraq onu dəstəkləyənlərin də sayı çox olub.

Xanım ombudsman deyib ki, Ermənistanın işğalçı dövlət olması gec-tez açıq şəkildə söylənməli idi.

AzNews.az