- Köhnə - Cəmiyyət
- 2 Noyabr 2013 09:03
- 4 681
Xədicəni sevin, Xalid gəldi-gedərdi
Azadlıq Radiosunda Xalid Hüseynidən danışdım.
Məni AzNews.az-dakı "Bizi barmağına dolayan Xalid Hüseyni" yazıma görə dəvət eləmişdilər.
Efirə çıxmazdan öncə bir oxucuma dedim ki, Xalid Hüseynini tənqid edəcəm. Dedi ki, etməyin, o mənim sevimli yazıçımdır...
Əfqanıstan mövzusu ilə Azərbaycan oxucusu mərhum yazıçı Əlibala Hacızadənin "İtkin gəlin" romanından tanışdır. Bundan başqa, Zakir Sadatlının "Əfqanıstan uçurumu" memuarları var.
"İtkin gəlin" öz dövründə bestseller, Əlibala Hacızadə də sevimli yazıçı idi. Elə Xalid Hüseyni kimi. "İtkin gəlin"i mən də oxumuşam. Amma o əsərdə "Çərpələng uçuran"dakı kimi incəlik, canayaxınlıq, qəlbə yapışıqlıq duyulmur. Romandakı hadisələr sanki mücərrəd məkanda baş verir, hardasa uzaqda, Əfqanıstan havası duyulmayan yerdə. "Çərpələng uçuran"da əksinə.
Uzun müddət Əfqanıstan haqda bildiklərimiz trafaret məlumatlar idi. Əfqanıstan adlı ölkədə əfqan adlı xalqın yaşadığını güman edirdik.
Amma dünyanı tanıma imkanları genişləndikdə məlum oldu ki, xeyir, Əfqanısan müxtəlif etnik qrupların, müxtəlif məzhəblərin qarışıq coğrafiyası və basdırılmış, zaman-zaman püskürən ziddiyyətlərinin məkandır. Xalid Hüseyninin "Çərpələng Uçuran" bizə bu gerçək mənzərəni açıb göstərdi. Buna görə də axıcı dili və şirin uşaqlıq xatirələri ilə başlayıb bu günün acı mənzərəsinin təsviriylə bitən əsər oxucunu cazibəsinə çəkə bilir.
Bu mənzərədə bilmədiyimiz nəsə varmı? Xeyir. Xalid Hüseyni oxucuya, hər halda mənə yeni heç nə deyə bilmir. Bu, bir yana, Xalid Hüseyni oxucuya, yəni mənə Əfqanıstanda baş verənlərin ABŞ yozumunu təqdim edir.
"Çərpələng uçuran"ın uğuru da məhz bu amilə bağlıdır. Mən belə düşünürəm. Çünki 2003-cü ildə nəşr edilən debüt roman oxucuya çatdırılanda artıq dünyada hazır klişelər vardı: Nyu-Yorkda uçurulan Qoşa Qüllələr, Pentaqona hava hücumu, "Bin Laden" adlı Antixrist-Dəccal, "əl-Qaidə", təkgöz molla Ömər, Quran və sünnə ilə möhtəkirlik edən taliban, təməlçi-islamizm...
İndi bu klişeləri göz önünə gətirərək statist, sıradan bir Qərb insanını təsəvvürə gətirin: o hər gün işdə, evdə, ictimai yerlərdə bu klişelərlə üzləşir və günlərin bir günü kitab bazarına ABŞ-da yaşayan əfqan mühacirin "Çərpələng uçuran" bestselleri çıxarılır. Xüsusi təqdimat, PR kampaniyası ilə...
Bir xatırlatma da yerinə düşər. Sonuncu dəfə hansı şərqli yazıçının Ağ Evdə qonaq olduğunu eşidib-görmüsünüz?
Xalid Hüseyni bu "xoşbəxtliyə nail olmuş" tək-tük yazıçılardan biridir. Onun Corc-Lora Buşlarla çəkdiyi foto indi də Ağ Evin rəsmi saytının arxivində durur.
Xalid Hüseyni bir yazıçı kimi istedadsız saymıram. "Çərpələng uçuran" da, sonrakı iki romanı da oxunaqlıdır, şəksiz. Amma günümüzdə sadəcə belletrist-yazıçı olmaq yetərli deyil, şəxsən mən mövzunun bədii həllini oxucuya təqdim edən yazıçı-ziyalı-vətəndaşdan dünyanın ağrı nöqtələrindən biri olan ana Əfqanıstanda dünən və bu gün baş verənlərə onun mövqeyini də bilmək istərdim. Xalid Hüseyniyə verəcəyim suallar çoxdur. Məsələn:
– "Çərpələng uçuran"da Baba mollalardan danışarkən kiçik Əmirə "Sən bu axmaqlardan heç vaxt dəyərli bir şey öyrənməyəcəksən", – deyir və ruhaniləri "özündənrazı meymyunlar" adlandırır. Siz də belə düşünürsünüzmü?
– Kiçik Əmir milli yarışların birində Henri Kissinceri görməsiylə öyünür, daha çox avropalı yazıçıları, o cümlədən Hüqonu mütaliə edir. Həzara Həsənsə "Şahnaməni" bəyənir, sevimli qəhrəmanı da Söhrabdır. Bu eyhamdırmı? Burada gizli ilmələrlə türəfobiya toxunubmu?
– Əsərdə Xeyirlə Şərin toqquşmasında Şəri təmsil edən, "Babalu" – "Quleybanı" ləqəbli Asif "Əfqanıstan puştular üçündür" deyir. Bəs siz bu haqda nə düşünürsünüz? Çağın Əfqanıstanında etnik vəhdətə necə nail olmaq olar?
– Anası qeyri-puştu, "Tanya" adıyla xatırlanan, sarışın, hündürboy Asifin qoşulduğu taliban dövründə Əfqanıstanda tiryək istehsalı qadağan edilmişdi. İndi, koalisiya qüvvələrinin Əfqanıstanı işğal etməsindən sonra onun istehsalı və ixracı fantastik dərəcəyə çatıb. Sizcə, niyə?
– Uşaq vaxtı Asif kimi dəcəl, dalaşqan olan, sonradan zalıma çevrilmiş talibançıların – Quantanamoda saxlanılan hərbi əsirlərin eyni işgəncələrə məruz qalmasına münasibəti necədir?..
P. S. Savaş haqda yazıçılar çoxdur. Heminqueyin "Əlvida, silah"ını oxuyanda onu əsla bəyənmədim. Mənim kimi bir çoxları Heminqueyi "Qoca və dəniz"ə görə sevdi. Xalid Hüseyninin oxşar, həm də daimi, qalacaqlı əsər yazmasına şübhəm var. "Çərpələng uçuran" doğrudan da oxunaqlıdır, amma onu oxunaqlı edən məncə, tərcüməçisi Xədicə İsmayıldır. Siz Xədicəni sevin, Xalidlər gəldi-gedərdi.
AzNews.az