Keçmiş hərbi komissarlar Aslan Aslanova qarşı - ŞOK İTTİHAMLAR

Sabiq müdafiə naziri Səfər Əbiyevin kirvəsi, vəzifədən uzaqlaşdırılan kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovla bağlı AzNews.az-a ilginc məlumatlar daxil olub.

Sabiq müdafiə naziri Səfər Əbiyevlə qohumluq əlaqəsindən istifadə etməklə orduda "nəzarətçi" funksiyasını yerinə yetirən Aslan Aslanov vəzifədən kənarlaşdırıldıqdan sonra Gürcüstana getmək istəsə də, "Qırmızı körpü"də saxlanılıb ki, bu da ona qarşı narazılıqları üzə çıxmasına səbəb olub.


Aznews.az-ı bilgiləndirən mənbənin sözlərinə gözə, əslində, A.Aslanovun durumu hələ vəzifədən çıxarılmazdan əvvəl - yəni "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə fərmanın imzalanmasından sonra pisləşib. Fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu isə S.Əbiyevin ordudakı "nəzarətçisi" Aslan Aslanovun təsir rıçaqlarını zəiflədib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra xidmətin 18 rayon üzrə idarə rəislərinin tutduqları vəzifədən azad edilməsi isə Aslanova qarşı narazılar ordusunun yaranmasına rəvac verib. İşdən çıxarılanların əksəriyyəti Aslan Aslanovun kadrları imiş. Səfər Əbiyevin Müdafiə naziri, özünün isə Kənd Təsərrüfatı nazirinin müavini postundan uzaqlaşdırılmasından sonra bu müddət ərzində susan bir çox keçmiş hərbi komissarlar Aslan Aslanova qarşı birləşib. Bu isə onun vəziyyətini olduqca gərginləşdirib.

AzNews.az-a daxil olan məlumata görə, A.Aslanovun vaxtilə təyin etdirdiyi və bunun müqabilində külli miqdarda pul aldığı şəxslər indi pullarını geri tələb edirlər. Belə ki, A.Aslanov həm Şəmkirdə icra hakimiyyətinin başçısı və daha sonra nazir müavini işlədiyi dövrlərdə hərbi komissarların təyinatını "həyata keçirib". A.Aslanova verdiyi pulları geri istəyənlər arasında Kəpəz, eləcə də Şəmkirin keçmiş hərbi komissarları da var. Onlar da Aslan Aslanovdan narazılar sırasındadırlar. Məlumata görə, hərbi komissar Əli Əhmədovu daha yüksək vəzifə vədi verərək külli miqdarda pul alan A.Aslanovun bu vədini də yerinə yetirə bilməməsi daha pis nəticələrə yol açıb. Belə ki, nə vəd olunan vəzifəni, nə də bu vəzifə üçün Aslanova verdiyi pula görə Ə.Əhmədovun psixi durumu gərginləşib. Buna görə də o, səhhətində yaranan problemlərə görə ümumiyyətlə sistemdən uzaqlaşdırılıb. A.Aslanovun Bakıda yüksək vəzifə vəd etdiyi şəxslərdən biri də Tovuzun hərbi komissarı Ağaverdi Fəttahov olub. Bu vədə inanaraq S.Əbiyevin kirvəsi olan A.Aslanova pul verən A.Fəttahov da hazırda pulunu geri tələb edir. Çünki o, verdiyi pulun müqabilində nəinki daha yüksək vəzifəyə gətirilməyib, əskinə təqaüdə göndərilib.

Daha bir narazı şəxs isə hazırda həbsdə olan Binəqədi rayonunun hərbi komissarı olmuş Feyzi Ağabəyovdur. Məlumata görə, işlədiyi vaxt daha "gəlirli" rayona - Xətai rayonuna dəyişmək üçün anlaşıb. İndi keçmiş komissarın yaxınları Aslan Aslanovun cəzalandırılmasını tələb edir.

Qeyd edək ki, bütün bu ittihamlara cavab olaraq, Aslan Aslanobvdan münasibət almaq cəhdlərimiz baş tutmadı. Bildiririk ki, AzNews.az Aslan Aslanovun cavab haqqını tanıyır.

Elnarə
AzNews.az