İlqar İbrahimoğlu və Elşad Miri - Qarşılıqlı ittihamlar


Son günlər mətbuatda dindarlar arasında Aşuraya fərqli baxışlarla bağlı başlamış qarşılıqlı ittihamlar davam edir. Elşad Mirinin Allah.az adlı sayt yaratmaq iadeyası bu qarşıdurmanı daha da gücləndirib. Hacı İlqar İbrahimoğlu Aşura mərasimlərini tənqid edən millət vəkili Fazil Mustafa və "Dəvət" jurnalının baş redaktoru Elşad Mirini tənqid edən "Cənab Fazil Qəzənfəroğlu, bunca aqressivlik haradan?" adlı yazı ilə çıxış edib. Elşad Miri isə öz növbəsində İ. İbrahimoğluna cavab olaraq "Həqiqətfob ruhşünas..." başlıqlı yazı yazıb. AzNews.az "Qafqazinfo" - ya istinad edərək hər iki yazını oxuculara təqdim edir. Qoy ortaq mövqeni oxucular özləri müəyyən etsin:

Cənab Fazil Qəzənfəroğlu, bunca aqressivlik haradan?

Hacı İlqar İbrahimoğlu

Cənab Fazil Qəzənfəroğlu!

2003-cü il idi. Bayıl türməsində "Ölüm korpusu"nda idik. "Yeni Müsavat" qəzetində Sizin məhbuslara dəstək yazılarınız çap olunurdu. Bir müddət sonra bəlli transformasiyaya uğradınız. Sonra Sizi əsasən Şah İsmayıla və Əhli-beyt (ə) məktəbinə yerli-yersiz hücumlarla xatırlayıram. Bu il də ənənənizə uyğun AŞURAya qarşı təəssüblə dolu yanaşmanızı ortaya qoydunuz. Buna reaksiya verməyi zəruri bildim. Və facebook-da 201 işarəlik statusla kifayətləndim.

Statusa nəzər salaq: "Elşad Mirinin və Fazil Mustafanın AŞURAya qarşı tutduqları qərəzli və əməvi ruhlu yanaşmalarını şiddətlə qınayıram. Bunu milli-mənəvi dəyərlərimizə, İslam vəhdətinə və qardaşlığa qarşı təzahür edilən bir hal kimi dəyərləndirirəm".

Aşura mərasiminə qarşı tutduğunuz qərəzi qeyd etdik. Bu kimi səylərin əməvi ruhlu yanaşma kimi səciyyələndirdik. Bunu qınadıq. Xalqın əsrlər boyu oturuşmuş dəyərlərinə sayğısızlıq, islami vəhdətə və qardaşlığa qarşı hal kimi qiymətləndirməmizi bəyan etdik. Heç bir haşiyəyə getmədik. Umacağımızı yazdıq. Qərəzli görsənmənizi bildirdik. Bu yanaşmanın əməvi ruhiyyəsinə uyğunluğunu çatdırdıq. Qəbul etmirsiniz belə, xalqın yaşatdığını, müsəlmanlar arası vəhdət və qardaşlığı nəzərə alaraq, barı diqqətli olmağın lazımlığının bir çatdırışı idi bu yalnızca. İllərlə, ölkənin çoxluğunu təşkil edən Cəfəri müsəlmanlara qarşı ardıcıl yapılan fobilərə yumşaq narahatçılğı çatdırmaq statusu idi, əslində.

Cavabınız nə oldu?

- Sovetlərdən qalma "şpion axtarma" və yarlıq qoşma.

- Aşuraya qarşı danışmağınızı inkar etmə.

- Mövzuya dəxli olmayan məsələləri sadalamaqla, İslam vəhdətini pozmadığınız.

- Əməvi məsələsindən narahatlığı izhar etmə

- Cəhalətdə suçlama

- Şəxsiyyətə qarşı yönəlik iftira və təhqir

Bəndeyi-həqirin mövqe tənqid edən statusuna son dərəcə aqressiv ruhlu, düşmən obrazı yaradan, dözümsüz, iftira ilə dolu, şəxsiyyəti aşağılayan bir yazı verdiniz. Budurmu Sizcə akademik yanaşma?! Budurmu polemika mədəniyyəti?! Budurmu diskussiya formatı?!

İslami yanaşmamızı tənqid edən, cəmiyyətə nə alternativ göstərir? Düşmən obrazı, təkfir, aqressivlik, qarşıdurma, hücum, böhtan, iftira – budurmu cəmiyyətə təklif etdiyiniz davranış modeli?

Diqqət edin: yalnızca Sizin mövqeyinizin tənqidini edən opponenti iftira və təhqirə məruz qoyursunuz, təkfir edirsiniz. İctimai xadim üçün, dözümsüzlüklə səciyyələnən belə yanaşmanın qeyri-məqbul olması öz yerində, müsəlmanlığa iddialı birisinin dini davranış modeli budurmu? Bəs hanı Peyğəmbərimizin (ə) əxlaqı, dözümlülüyü, mülayimliyi?

Cənab Fazil Qəzənfəroğlu!

"Şpion axtarma" kimi səylər ölkə insanını bezdirib axı. İslamofoblar bundan yararlanıb qurtarıb, deyəsən növbə Sizə çatıb. Axı özünüzü də tez-tez bu kimi axtarışların hədəfinə çevirirlər.

Qəribədir ki, 2004-ci ildə "Yeni Müsavat"a müsahibənizdə bizimlə bağlı bu kimi cəfəng ittihamların səsləndirilməsini absurd adlandırmağınızı da görünür unutmusunuz. Harada qaldı fikirlərilə razı olmadığınız opponentin şəxsiyyəti hörmət düsturu?

Cənab Fazil Qəzənfəroğlu!

Aşuraya qarşı danışmağınızı inkar etməyiniz, açığı, məni sevindirir. Çünki, mənim bu statusa Sizin adınızı daxil etməkdə niyyətim, Sizi bu kimi davranışdan çəkindirmək olub. Dediniz, axtarıb tapmadınız. Görünür, yaxşı axtarmamısınz. Bir daha nəzərdən keçirdim müsahibənizi. Aşura əzadarlığını İslam mədəniyyətində, İslamın təməl fəlsəfəsində olmadığını açıq surətdə bildirmisiniz. Həzrət Peyğəmbərimizin (s) əmanətinə, ümmətin İmamına (ə) qarşı bu kimi hörmətdən uzaq, yolverilməz ibarələr: "Heç peyğəmbəri bu qədər xatırlamırlar, amma ondan sonra gələn 3-4-cü dərəcəli adamları xatırlayırlar. Bu, çox faciəvi yanaşmadır", "Toy etmirlər, hansısa tədbir keçirmirlər, bunlar hamısı əsası olmayan hadisələrdir", "Əbədi yas saxlamaq İslam mədəniyyətində, İslamın təməl fəlsəfəsində yoxdur" – qərəzlilik və dözümsüzlükdən başqa nədir?

Burada qeyd etməyi lazım bilirəm ki, Cəfəri müsəlmanları (ölkəmizin əksəriyyətini təşkil edən vətəndaşlar) Aşura münasibətilə əzadarlıq saxlamağı İslam mədəniyyətinin tərkib hissəsi bilirlər. Bu, Qurani-Kərimin Əhli-beytlə (ə) bağlı ayələrindən, üstəlik Məsum İmamların (ə) hər birinin Aşura münasibətilə bağlı əzadarlıq keçirdiklərindən qaynaqlanır. Siz Əhli-beyt (ə) məktəbinin ardıcılı kimi davranmaya bilərsiniz, amma bu məktəbin Aşuranı yaşatmaq mədəniyyətini aşağılaya bilməzsiniz – o cümlədən, "baş yarmaq, özünə ziyan vermək" kimi hipertrofik yanaşmalarla pərdələndirməklə belə. Yəni, müsahibənizin ruhu anti-Aşura olduğu halda, sadəcə, mübaliğələr silsiləsi ilə anlayışları əvəzləmək cəhdləri etdiyiniz göz önündədir. Amma, son yazınızda bunu inkar etməyə səy göstərmənizi müsbət hal kimi dəyərləndirirəm. Həmd olsun Allaha.

Cənab Fazil Qəzənfəroğlu!

"Əməvi ruhlu" ibarəsindən də narahatçılığınız, açığı məni sevindirdi. Allahdan istəyirəm ki, əməllərdə də bu ruhiyyəyə uyğun yanaşmanı tərk edəsiniz. Küfə əhlinə gəldikdə isə, qeyd edim ki, cəbhə dəyişmə, cinah tərk etmə, vədə xilaf hərəkət etmə fenomeni ölkəmizin bir çox siyasiləri üçün də yad fenomen deyil. Bunu Siz bilməmiş deyilsiniz. Bunu emosional yazdığınızı nəzərə alaraq, üstündən keçirəm.

Cəhalətdə suçlamaya gəldikdə, eləcə də uzun-uzadı sadaladığınız və Azərbaycanda yaşanmasını müşahidə etmədiyim Aşura mərasimlərini keçirtməyə gəldikdə isə, "Cümə" icmasının illərlə Aşura mərasimlərinin əzadarlıq mərasimlərinin keçirməsi qaydası və keyfiyyəti bütün ictimaiyyətin gözü qarşısındadır. Maarifçilik, iradəvi kədər, qəhrəmanlıq ruhiyyəsinin aşılanması - bunlardır məclislərimizin əsas təməlləri. Və bunu əziz Əhli-beytdən (ə) öyrənmişik və onların yolunu gedirik. Bu məclislərin yekununda əziz istiqlal və Qarabağ şəhidlərimizi də Şəhidlər Xiyabanında yad edirik. Buna cəhalət deyirsinizsə, bu kimi qərəzli yanaşmadan Allaha pənah aparıram.

Və hər bir halda opponentin şəxsiyyətinə hörmətlə yanaşmağı, yarlıq və ucuz ştamplardan yararlanmaq kimi bolşeviksayağı metodlardan imtinanı – həm ümumilikdə siyasi-ictimai fəaliyyətin, həm də konkret polemikanın zəruri elementləri olmasını nəzərinizə çatdırıram.

Allahdan hər birimiz üçün hidayət diləyirəm.

* * *

Həqiqətfob ruhşünas...

Elşad MİRİ

Maarifləndirici mövqeyi, qərəzli yanaşma kimi qələmə vermək, qələmi düzgün tuta bilməyənlərin aqressivliyinin və cəhalətinin təzahürüdür...

***

Kimlərinsə imam-camaatı, həm filosof, həm sədr, həm ilahiyyatçı, həm molla, həm siyasətçi, həm iranşünas, həm hüquq müdafiəçisi, həm, həm... hərşeyşünas... Dindar yox, dini dar dindarkimilərdən biri İlqar İbrahimoğlu məni və Fazil Mustafanı Aşura əleyhdarı olaraq təqdim etmək istəyərək sosial şəbəkəsində status paylaşıb. Əslində natamamlıq kompleksinin bir təzahürü olaraq müxtəlif adlar və ya titul kimi qəbul edilən ünvanlarla çıxış edənlərin statusuna 3-5 işarəlik bir kəlmə ilə cavab verməklə kifayətlənmək olardı, lakin başqalarının da bilməsi üçün məsələyə aydınlıq gətirib qaragüruhçuların zülmətini dağıtmaq qərarına gəldim.

Əslində şəxslərlə işim yoxdur. Xüsusilə də qəlibləri qədər dəyəri olmayanlarla... Belələrinin siğəbazlıq kimi əxlaqsızlığa dini don geyindirmələrinə, dini hansısa palatalara alət etməyə çalışdıqlarının alətinə çevrilmələrinə, Allahın Quranda inananların anaları olaraq qeyd etdiyi ("Əhzab" surəsi, 33/6) peyğəmbər xanımlarını təhqir etmələri isə başqa mövzunun söhbətidir. Toxunacağım məsələ, Aşura əlehydarlığı, milli-mənəvi dəyərələrə zidd olmaq və ruhlar aləminə qısa səyahət olacaq...

Aşuranın əleyhinə olmağım...

Bu gün İran müsəlmançılıq adı altında özününküləşdirib təhrif etdiyi dini iki formada əlində saxlayır. Bunlardan birincisi Aşura mərasimləri, ikincisi isə siğə məsələsidir. İranda oxuyub gələn ilqarkimilər də Aşura ilə bağlı missiyasını açıq-aşkar, siğə ilə bağlı düşüncələrini isə ya susmaq, ya da mövzunu dəyişdirmək taktikası ilə həyata keçirirlər...

Allahın sonuncu elçisi Muhəmməd peyğəmbər (s) Aşura gününü oruc tutmaqla keçirib. Bunu da nəvəsinin öldürüləcəyi ilə yox, Musa peyğəmbərə yaxınlığı ilə əlaqələndirib. Bu mənada mən də Aşuranın özünə əziyyət verməklə deyil, Peyğəmbər kimi oruc tutmaqla qeyd edilməsinin tərəfdarıyam. Bu mənada Aşuraya qarşı deyil, Məhərrəm ayında, xüsusilə də Aşura günündə din adı altında həyata keçirilən cəhalətə, mövhumata qarşıyam.

Aşuranın əleyhinə olanlar isə İslamın sonuncu Elçisinin tövsiyəsinə uyğun olaraq həmin günü orucla keçirənlər deyil, Allahın "həmin aylarda özünüzə zülm etməyin" ("Tövbə" surəsi, 9/36) əmrinə zidd olaraq həmin günləri əzadarlıq adı altında sinələrinə vuranlardır. Həmişə qeyd etmişəm ki, Aşura günü kimi günlərdə özünü "Hüseyn aşiqi" kimi göstərib sinələrinə, başlarına vurub səs çıxarmaq deyil, Hüseyn kimi həyat yaşamaqdır. Səmimi olaraq Hüseynə yas saxlayanlar gərək onun dünyaya gəlməsinə səbəb olan atası Əliyə (r), babası Muhəmməd peyğəmbərə də yas saxlayardılar. İslamda isə yas saxlamaq anlayışı yoxdur. Əgər İslamda yas saxlamaq anlayışı olsaydı, Allahın sonuncu Elçisi özündən əvvəlki Zəkəriyyə, Yəhya peyğəmbərlərə hər il yas saxlayardı... Bunlara yas saxlamayan Peyğəmbər heç olmasa sağlığında əlləri ilə gömdüyü 3 oğluna, 3 qızına, həyat yoldaşlarına, yaxın səhabələrinə yas saxlayardı... Peyğəmbər isə bunların heç birinə yas saxlamayıb. Əgər peyğəmbər bugünki "aşiqlər"in saxladığı kimi 2 ay yas saxlasaydı, təqvimdə gün qalmayacaqdı... Amma Peyğəmbər bunu etmədi və edilməsini də istəmədi... Bəs bugünkülər Peyğəmbərdən çox onun övladlarını, nəvələrini sevirlər? Heç Peyğəmbərin qızı belə atasına görə ömrünü yasla keçirmədi. İmam Həsən və ya İmam Hüseyn də ataları üçün yas saxlayıb, sinə döymədilər... İndi Peyğəmbəri və ya onun qızını biz onlardan daha çoxmu sevirik? Yoxsa bizim etdiklərimiz ətrafdakılara özümüzü göstərməkdir?

Burada acı bir həqiqəti qeyd etməyi özümə borc bilirəm. Aşurada imam Hüseynə yas keçirilməsinin kökündə fars milliyyətçiliyi ola bilərmi? Bunu soruşmağımın bir səbəbi var. Peyğəmbərlər imamlardan üstündürlər. Çox əzazil şəkildə öldürülən peyğəmbərlər olub. Amma heç bir peyğəmbər özündən əvvəlkilərə yas saxlamayıb. Biz müsəlmanlar da yas saxlamırıq. Heç Muhəmməd peyğəmbərə (s) eyni münasibəti bəsləyib özümüzü döymürük… İlk imam kimi qəbul edilən, 4-cü xəlifə Əli (r) də acınacaqlı tərzdə qətlə yetirilib. İmam Hüseynə iki ay yas saxlayanlar onun atasına da heç bircə həftə yas saxlamırlar. Bəs buradakı acı həqiqət nədir? Tarixi mənbələr göstərir ki, İmam Hüseyn ikinci Xəlifə Ömər bin Xəttab tərəfindən darmadağın edilən İran Sasani imperiyasının axrıncı hökmdarı III Yəzdgürdün qızı Şəhribanu ilə evlənib. İmam Hüseynin bu xanımından doğulanlar imam və ya seyyid adlandırıldığı qəbul edildiyi halda, İmam Əlinin başqa xanımlarından olan övladları nə imam, nə də seyyid sayılır. Heç İmam Həsənin övladları da imam və ya seyyid sayılmayıb... Bu məsələ sizcə, nə ilə bağlıdır? Niyə bu həqiqətlərdən qorxub gizlədirsiniz? Yoxsa siz də həqiqətfobsunuz?

Əməvi ruhlu olmaq...

Kimin hansısa ruhlu olması anlayışı İslamda olmayan qavramdır. Ruhun birindən digərinə keçməsi reinkarnasiya adlandırılır ki, bu da hinduizm dinlərinə məxsus qavramdır. Yəqin hərşeyşünas hər şeyi qarışdırıb qarışıqlıq burulğanına qərq olub... Amma bunu məcaz mənasında təhqir kimi işlədirsə buna da cavab verək... Bəli, mən, Əməvi xəlifəsi Ömər bin Əbduləziz kimi mərd ruhlu olmağı, Peyğəmbərin nəvəsinin tərəfdarı kimi görünüb, lakin onu satan namərd kufə ruhlulardan olmaqdan üstün sayıram. Həmin kufəlilər isə İmam Hüseynə ən çox ağlayıb, şaxsey-vaxsey deyənlər olub...

Bu gün adından İslam dövləti kimi istifadə edib İslamın həqiqətlərini çatdırmağın əvəzinə İslamı mövhumat, xurafat və bidətlərlə eyni cür təqdim edənlərə nə ruhlu cavab vermək lazım olduğuna isə yəqin yeni ruhşünas titullu mütəxəssis cavab verər... Amma ağaları razılıq versə...

Milli-mənəvi dəyərlər

İllər əvvəl "Yeni Müsavat"da siğə əleyhinə yazdığım yazım axırıncı köşəm olmuşdu. Həmin köşəyə ən çox etiraz edənlərin başında isə hüquq müdafiəçisi kimi təqdim olunan bu şəxs dururdu. Əxlaqına uyğun olaraq da etirazını bildirmişdi... İndi milli-mənəvi dəyərlərə qarşı olduğumu zənn edən bu insan desin görək, siğəyə qarşı çıxmaq, təbliğ etdiyi ağalarının övladlarımızı acımasızca qətlə yetirənlərə münasibətinə etiraz etmək, vətəndaşlarımızın ölümlərinə fətva verməyin doğru olmadığını bildirmək milli-mənəvi dəyərlərə qarşı çıxmaqdır, yoxsa bunlara susub danışmamaq, həmin dəyərləri dəyərsizləşdirməyə çalışmaqdır? Və ya öz dəyərini bu qədər qiymətləndirməkdir?



AzNews.az