“Eduard Bağırovun “millətçiliyi” ziyanlıdır” - Yazıçı

Əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadə Rusiyada yaşayan azərbaycanlı yazıçı Eduard Bağırovu tənqid edib.
N. Rəsulzadə AzNews.az-a açıqlamasında deyib ki, indiki vaxtda rus millətindən olan şəxslərə qarşı təhqiramiz ifadələrin səsləndirilməsi və bu fikirlərin Rusiya ictimaiyyətində təbliği yolverilməzdir: "İndi belə hərəkətlərin vaxtı deyil. Bu gün deyiləcək fikirlər Rusiyadakı azərbaycanlıların vəziyyətini gərginləşdirməməli, soydaşlarımızla yerli millət arasında münasibətləri istiləşdirməlidir. Əksinə hər iki tərəf çalışmalıdır ki, xoşagəlməz halların qarşısı alınsın".

E. Bağırov haqda çox danışmaq niyyətində olmadığını da deyən N. Rəsulzadə bildirib ki, bundan sonra onunla bağlı məsələlərə münasibət bildirməyəcək: "Eduard Bağırov kimdir ki, mən onu izləyim. Bir də ki, onun çıxış və yazılarını xüsusi olaraq izləmirəm. Bir dəfə onun haqqında danışmışam, bundan sonra daha danışmayacağam. Sadəcə onu demək istəyirəm ki, indiyə qədər Azərbaycanın lehinə bir addım belə atmayan şəxsin birdən-birə milliyətçi donuna girməsi gülməli görünür. Və belə "milliyətçilik" ölkəmizə ziyan gətirir. Xeyriniz dəymirsə, heç olmasa ziyan vurmayın".

Xatırladaq ki, Rusiyada yaşayan azərbaycanlı yazıçı Eduard Bağırov son vaxtlar sosial şəbəkələrdə və media orqanlarında rusları təhqir etdiyi fikirləri yer alıb. Bu isə ruslar tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Məhəmməd
AzNews.az