Gülər Əhmədovaya 3 il həbs verildi- Yenilənib

AzNews.az xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində sabiq deputat Gülər Əhmədovaya hökm oxunub.


Məhkəmə Gülər Əhmədovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.

***
13:03
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədova son söz deyib.

O, cinayət işinin materiallarına Sevinc Babayevanın ona yazdığı yeddi mesajın, Elşad Abdullayevdən zərərçəkən şəxslərin hazırladığı video materialların daxil edilmədiyini bildirib: "Sevinc Babayeva ilə Elşad Abdullayev arasında olan telefon danışığı da cinayət işinə əlavə edilməyib. Həmin danışıqda Elşad Abdullayev Sevinc Babayevaya deyib ki, pulu Gülərə yox, Sevincə verib. Bunlar vaxtında araşdırılsaydı, mən həbsdə oturmazdım. Elşad Abdullayev böyük yalan danışır. Elşad deyir ki, etibarından sui-istifadə edib, pulunu alıblar. Hansı etibardan söhbət gedir? Elşadla qohumluğumuz yoxdur. Bu adam heç öz qayınatasına etibar etmir. Onun universitetində deputatlar dərs deyirdi. Birindən soruşardı ki, Gülər bu işlə məşğul olur, yoxsa yox? Elşad mənə zəng edib desəydi ki, "səndə mənim pulum var", bunu yazıb internetə verərdi. Bu adam çox yaxın olduğu Sevinclə danışdığı hər şeyi çəkib internetə qoyub. Sevinc məni aldadıb Türkiyəyə gedib. O, Türkiyəyə gedəndə mənə bildirdi ki, Elşadgildən qorxur. Sonradan bildim ki, Sevinc Elşadla olan videoda aktrisalıq edib. Bundan sonra ondan tələb elədim ki, Azərbaycana qayıtsın. Mən normal Azərbaycan qadını kimi hərəkət etdim. Sevinc mənə dedi ki, infarktam qoy gedim Türkiyəyə müalicə olunum. Mən də inandım. Mən şərlənmiş və aldanmış qadınam. Mənim günahım insanlara inanmağımdır. Mən özümə güvənirdim. Elə bilirdim ki, məni heç kim aldatmaz. Mənim ifadəmi kontekstdən çıxartmaq lazım deyil, olduğu kimi oxumaq lazımdır.

Mən demişəm ki, Elşadla aramızda heç bir pul söhbətimiz olmayıb. Mən camaatın içində hörmətlə gəzib dolaşan adam olmuşam. Qazaxda məni biabır etdilər. Mən hər şeydən əvvəl Azərbaycan qadınıyam. 36 saat ac-susuz saxlanılandan sonra mənə dedilər ki, yazın ki, yorulmuşam, bezmişəm, Elşada pulu qaytarmağı düşünərəm. Mən də yazdım. Mən bir il əvvəl başa düşdüm ki, demokratiyanın nə olduğunu bilmirəm. Mən sivil addım atıb, istefa verdim. Bundan sonra basqılar birə on artdı. Belə başa düşürəm ki, Azərbaycanda demokratiyanı başa düşən dörd beş adam var. Bu gün də deyirlər ki, siz bu addımla günahınızı boynunuza almış oldunuz. Biz nə qədər zavallı insanlarıq. Quran gətirin əl basım ki, mən dələduz deyiləm və Elşadın pulu məndə deyil. Bəlkə jurnalistlər bunu axtarıb tapa bilməyəcəklər. Amma tarix hər şeyi tapacaq. Mən dələduz olsaydım, üç dəfə deputat seçilməzdim. Mən heç vaxt imkan verməyəcəyəm ki, kimsə sabah mənim övladlarıma desin ki, bunların anası satqının, dələduzun biri idi. Əvvəldən dediyimi sona qədər deyəcəyəm. Elşadın videosu saxta və quramadır.

Elşaddan pul alsaydım, borc eləyib qaytarardım. Bilirsiniz ki, Elşaddan pul alanlar var idi və onlar həmin pulu qaytardılar. Mən niyə onun şantajına boyun əyməliyəm? Elşad cəsarət edib mənə pul verə bilərdi? Mən məhkəməyə təşəkkür edirəm ki, Elşadın mülk iddiası ilə bağlı vəsatəti təmin edilmədi. Təşəkkür edirəm prokurorluğa ki, Elşada rüşvət verməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. Bu işin ədalətlə sona çatmasını arzu edirəm. Mən heç vaxt dələduz ola bilmərəm. Mən bəlkə başqa cinayət törədə bilərəm, amma dələduz olmaram. Bizim ailədə dələduz olmayıb. Heç kimin haram puluna əl uzatmamışıq. Bəzi deputatlar mənim ev dustaqlığına çıxmağımla bağlı müraciət ediblər. Mən onlara təşəkkür edirəm.

Mən çox xəstəyəm. İstəmirəm Sevincin taleyini yaşayam, övladım mənsiz böyüsün. Zakir Qaralov da çıxışında bildirib ki, mənim işim prezidentin nəzarətindədir. Mən cənab prezidentə müraciət edib bildirirəm ki, mən dələduz deyiləm. Mən illərdir, Sizin tanıdığınız adamam. Mən Heydər Əliyev yoluna hər zaman sadiq qalmışam. Bu partiya yox, əqidə məsələsidir. Məni ailəmi, səhhətimi nəzərə almağı xahiş edirəm. Ən böyük arzum ailəmin yanına dönməkdir".

Proses günün ikinci yarısında davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

AzNews.az