Sabahdan hava yenidən sabitləşəcək- Proqnoz

Azərbaycanda bu gün müşahidə ediləcək soyuq hava şəraiti çox qısamüddətli olacaq. Dekabrın 4-də gündüzdən ölkə ərazisində hava şəraiti yenidən sabitləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, sabah gündüzdən ölkə ərazisində küləyin sürəti zəifləyəcək, yağıntılar kəsiləcək. Havanın temperaturu əvvəlki günlə müqayisədə nisbətən artacaq. Sabah Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 6-7 dərəcə olacağı gözlənilir.

Bu gün Abşeron yarımadasında temperaturun anomal gedişi proqnozlaşdırılır.

Nazirlikdən bildirilib ki, artıq soyuq atmosfer kütləsi ölkə ərazisindən keçir, bir sıra rayonlarda küləyin güclənməsi müşahidə edilir. Rayonlarda hazırda küləyin sürəti saniyədə 17 metr qeydə alınır. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 20-22 metr/saniyədir.

Günün ikinci yarısında - axşama doğru küləyin daha da güclənəcəyi və sürətinin saniyədə arabir 28-30 metrə çatacağı proqnozlaşdırılır. Bu gün Abşeron yarımadasında səhər saatlarında 10-12 dərəcə isti olduğu halda, günün ikinci yarısında küləyin daha da güclənməsi ilə əlaqədar temperatur 8-10 dərəcə enəcək.

Aşam saatlarında - gecəyə doğru temperatur 2 dərəcə istidən yüksək olmayacaq.

Axşam havanın yağlntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.

Bu gün qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, ayrı-ayrı rayonlarda şiddətlənəcəyi ehtimalı var.

AzNews.az