Əkrəm Əylislidən ETİRAF: “İsmayıl Şıxlının devrilməsində iştirak etmişəm”

O, Azərbaycanda bu titulu daşıyan yeganə şəxsdir-keçmiş Xalq yazıçısı. Uzun müddətdir gündəmdən uzaq düşən yazıçıyla söhbətləşib həm yaradıcılığından, həm də Yazıçılar Birliyindən danışdıq.

Amma müsahibim mətləbə keçməzdən əvvəl həmkarlarımızdan bir balaca gileyləndi. Çox güman ki, bu, şəxsən mənə də bir xəbərdarlıq idi: "Dediklərimi olduğu kimi yaz".

Beləliklə Əkrəm Əylisli "nöqtə- vergülünə toxunulmayan" müsahibəsində söhbətə belə başlayır:


-Bir dəfə soruşdular dedim ki, təzə əsər üzərində işləyirəm. Sonra məndən soruşurlar ki, eşitmişik təzə tərcümə üzərində işləyirsiniz. Dedim ki, elə bir şey yoxdur. Təzədən bir də yazdılar ki, guya dediklərimi təkzib etmişəm. Yəni bəzən jurnalistlər dediklərimi düz yazmırlar. Hətta elə təəssürat yaranır ki, onlar bir- birinin yazdıqlarını oxumurlar .

-Yeri gəlmişkən yəqin ki, indi də həmin əsər üzərində iş gedir.


-Bəli, yeni işlədəyim əsər var. "Daş yuxular"ı camaat pis yozdu da. Mən o əsəri psixoloji mənəviyyat mövzusunda yazılmış əsər hesab edirəm.

-İndi yazdığınız əsəri "Daş yuxular"ın davamı kimi qiymətləndirmək olarmı?


-Yox, yox. Bu əsərin "Daş yuxular"a dəxli yoxur. Bütün əsərlər eyni mövzuda ola bilməz axı.

-Bəs burda mövzu nədir?


-Bu, sırf psixoloji bir əsərdir. Məndən belə şey soruşanda bir az təəccüblənirəm. Çünki yazıçı həmişə eyni şeyi yaza bilməz ki. Məndə belədir ki, mövzunu axtarmıram. Mövzu mənim içimdə olur və onu yazıram.

-Amma demədiniz yeni əsərinizdə konkret nədən bəhs olunacaq...


-Əsərdə əvvəlcədən nədən söhbət gedəcəyini demək yazıçı üçün çətindir.

-Deməli hələ yenicə başlamısınız.


-Yox, bir hissəsini yazmışam. Mən indiyə kimi insanlardan yazmışam. Bu səfər də insan taleyi, onun daxili durumu, mənəvi varlığı haqqındadır.

-İstərdim bir neçə kəlmə də Yazıçılar Birliyi haqda danışaq...


-İyirmi ildən çoxdur ki, Yazıçılar Birliyinə getmirəm.

-Amma bir neçə il əvvəl hətta sizin birliyin sədri olmaq məsələniz gündəmdə idi.


-Bəli, elə idi. Amma hər dəfə məni gündəmə salanlara deyirdim ki, ay canım-gözüm, axı mən Yazıçılar Birliyinn üzvü deyiləm. Üzv olmayan adamın seçilmək hüququ yoxdur.

-Yazıçılar Birliyinin hazırki rəhbərliyinin fəaliyyəti sizi qane edir?


-Bu mövzuya yenidən qayıtmaq istəmirəm. Əlbəttə ki, düşündüyüm, arzuladığım Yazıçılar Birliyi olmadı. Tamamilə başqa cür Yazıçılar İttifaqı arzulamışdım. İçi Anar qarışıq hamımız sovet dövründə olan Yazıçılar İttifaqından narazı idik.

Yazıçılar Birliyində yeni yaradıcı mühitin yaranmağını görmək istəyirdik. Amma belə çıxdı ki, bu istək hamıda eyni dərəcədə deyilmiş. Birinin istəyi sadəcə üzdə, digərininki təmiz istək imiş.

- Sizin deməyinizdən belə çıxır ki, Anarın istəyi ürəkdən deyilmiş?


- Mənim belə düşünməyə haqqım var. Yazıçıar Birliyinin katibi vəzifəsindən də ona görə getdim. Gördüm ki, burda yenilik -zad yaranan deyil.

-Son zamanlar həmkarlarınızdan kimlər sizinlə əlaqə saxlayırlar?


-Mənim dostlarım cavan yazıçılardır. Onlarla ruhən bir yerdə olmuşam.

-Konkret kimlərdən söhbət gedir?


-Ad çəkmək istəmirəm. Kiminsə adı yadımdan çıxa bilər.

-Heç yerdə işləmirsiniz. Necə dolanırsınız?


-Hər şey normaldır, heç bir şikayətim yoxdur.

-Real olmasa da, belə bir sual vemrək istəyirəm. Sizə birliyin sədri olmaq təklif olunsa, razılıq verərsiniz?


- Yox, bu bir az fantastika janrında olur. Elə elementar şeylər var ki, insanları ona inandırmaq olmur. Dəfələrlə demişəm ki, mənim Yazıçılar Birliyinin sədri olmaq niyyətim, arzum olmayıb. Olsaydı, baş tutardı.

-Belə başa düşdüm ki, istəməmisiniz və dostunuz Anara sədr olmaq üçün imkan yaratmısınız.


-80-ci ilin əvvəllərində "Azərbaycan" jurnalında olanda birbaşa İttifaqın sədrliyinə keçmək imkanlarım var idi. O imkanları özüm qəbul etmədim. Mən hər işin fəhləliyini edirəm də.

Bəli, Anarın sədr seçilməyinə şərait yaramışam, aktiv rolum olub. Çünki bizim söhbətlərimiz olmuşdu, nələrisə həyata keçirmək istəyirdik.

-İndi oynadığnız həmin rola görə peşimansınız?


-Peşimançılıq hissi əlbəttə, var. Sən bir şeyi arzulayırsan, ümid edirsən, o alınmır. Yazıçılar İttifaqının 1990-cı ildə iştirak etdiyim sonuncu qurultayında çıxış etmişəm. Orda bəyanat verərək demişəm ki, mən gedirəm.

Getməyimin səbəbini də demişəm və camaatın qarşısında rəhmətlik İsmayıl Şıxlıdan üzr istəmişəm. Çünki İsmayıl Şıxlı mən katib olmamışdan əvvəl birliyin sədri idi. Camaatın qarşısından ondan üzr istəyərək dedim ki, İsmayıl müəllim, biz dedik təzə adamlar gələr, Yazıçılar İttifaqında təzə mühit yaranar. Amma belə bir şey olmadı, ittifaqın gələcəyi mənə heç də işıqlı görtünmür. Bu səbəbdən də çıxıb gedirəm.

-Dolayısıyla etiraf edirsiniz ki, İsmayıl Şıxlının sədrlikdən uzaqlaşdırılmasında sizin "xidmətləriniz" olub.


-Bəli, mənim də iştirakım olub. Bunu Həsən Həsənov şəxsən təşkil etmişdi. O vaxt böyük vəzifədə olan Həsən Həsənovun adamları təşkil eləmişdi ki, İsmayıl Şıxlını devirsinlər.

-Həmin qruplaşmanın liderlərindən də biri siz olmusunuz.


-Bəli. Düzdür, heç vaxt kiminsə küyünə getməmişəm. Amma Anar mənim yaxın dostum olduğundan bu varianta razılaşdım. O vaxt Əylsidəydim, ev tikirdim. Məni zorla çağırıb gətirdilər ki, gəl qurultayda iştirak et. Orda mənim də şansım var idi.

Açıq deyim... Yazıçılar İttifaqının Həsən Həsənovun təşkil elədiyi tədbirdə ömrümdə birinci dəfə kiminsə göstərişi ilə nəsə etmişəm. Amma bu göstəriş mənim də ürəyimcə idi.

-O göstəriş konkret nədən ibarət idi?


-Onda hər şeyi açıq deyəcəyəm. Həsən Həsənov mənə dedi ki, birliyə üç nəfərdən biri sədr seçilə bilər. Həmin üç nəfər mən, Anar və rəhmətlik Cabir Novruz idi. Dedim ki, indi Əylisdə ev tikirəm, məşğulam.

Cabir Novruzla Anarın arasında seçim edəndə Anarın üzərində dayandım və hətta onun müsbət keyfiyyətlərin Həsən Həsənova sadaladım. O da çox sevindi və bildirdi ki, elə belə də olmalıdır.

-Buna görə Cabir Novruzla aranızda inciklik olmadı ki?


-Yox, Cabir Novruzu heç vaxt karyerist adam kimi tanımamışam. O gözəl jurnal redaktoru idi. "Ulduz" jurnalında çox gözəl işləyirdi. Cabirin "Ulduz"dakı fəaliyyətini özümün "Azərbaycan"dakı fəaliyyətimdən aşağı hesab etmirəm.

-Hazırda gənc yazarlarla Yazıçılar Birliyi arasında çəkişmə gedir və ortada qarşılıqlı ittihamlar var. Bu mübarizədə hansı tərəfi haqlı hesab edirsiniz?


-Açıq deyirəm, bu gəncliyin tərəfindəyəm. Ümidlər bu gəncliyədir. Çünki Yazıçılar Birliyinin ətrafında təmənnalı münasibət yaratdılar. Təmənna olmamalıydı.

- Ev...


- (sözümü kəsir-İ.V) Bir təşkilat ev verə bilirsə, müəyyən imtiyazlar varsa, camaat ora imtiyaza görə gedir.

-İmtiyazlardan danışırıqsa, gənclər da təqaüd alırlar axı...


-Min beş yüz adamdan yazıçı düzəltmək olmaz. O sayda adamın əllisini bir yer yığsan, yazıçı sifətinə oxşayan nəsə alındırmaq olar. Gənclər də bir yerə yığışa bilmirlər.

Onlar da bir-birinin fikirlərini qəbul etmirlər. Birliyin arxasında əqidə və məqsəd durmalıdır. Bəzən öz məqsədlərini də çaşdırırlar. Amma hər halda, təmənnalı yığışmaqdansa, gənclərin birliyi yaxşıdır.

-Sizcə Anarın yerinə nə layiqli namizəd kimdir?


-O haqda heç nə deyə bilmərəm. Çünki elə bir şərait yaradıblar ki, Anar əvəzolunmaz bir fiqura çevrilib. Bunu birlikdəkilər özləri yaradıb. Əvəzolunmaz fiqur yoxdur.

İndi deyə bilmərəm hökmən filankəs olmalıdır. Əgər əvəzolunmaz olubsa, bu, orda gedən işin günahıdır. İş görən adam əvəzolunmaz olmur. İş görən adam vəzifədə çox otura bilməz. Vəzifədə iş görməyən adamlar çox oturur.

Yeni mühit, ab-hava yaranmalı, islahatların istiqaməti müəyyən olunmalıdır. Ondan sonra dürüst seçim etmək olar. İndi dürüst seçim çox çətindir.

İntiqam Valehoğlu
AzNews.az