Polisi maşınla vurub qaçan sürücü saxlanıldı

Dekabrın 20-də yol polisini maşınla vurub qaçan Bakı şəhər sakini saxlanılıb.

Səbayel rayonu Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi polis kapitanı Mirrəvan Ağayev APA TV-yə bildirib ki, Ələsgərov Yusif Məhərrəm oğlu Bülbül Prospekti ilə Neftçilər prospektinin kəsişməsində idarə etdiyi "Mercedes" markalı vtomobillə yol hərəkəti qaydasını pozub. Yol polisi əməkdaşı qayda pozucusuna "saxla" işarəsi verib. Yusif Ələsgərov əvvəlcə maşını saxlayıb. Amma DYP-nin əməkdaşı Mirzəliyev Asif Qiyas oğlunu sürücülük sənədlərini təqdim etmə tələbinə əməl etməyib. O, idarə etdiyi maşınla DYP əməkdaşını vurub və hadisə yerindən uzaqlaşıb.

Yol Polisinin əməkdaşı qapalı kəllə beyin travması ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hazırda stasionar müalicəyə buraxılıb.

Hadisəni törədən sürücü Yusif Ələsgərov isə elə həmin gün axşam saxlanılıb. O, hadisəni belə danışıb: "Məndən sənədlərimi istədi. Dedim tələsirəm, bir az qabağa sürdüm. Sonra maşının qabağına keçdi, bir az da sürdüm. Maşının qabağına əyildi. Nömrəni çıxarmaq istəyirdi. Bilmədim necə oldu, kapotun üstünə dəyib yana yıxıldı".

Yusif Ələsgərov sürücülük vəsiqəsinin olduğunu bildirsə də iradə etdiyi avtomobilin onun yox dostunun olduğunu deyib. Maşını idarə etmək haqda icazə sənədi olmadığını da təsdiqləyib.
Faktla bağlı Səbayel Rayon Polis İdarəsində araşdırma aparılır.


AzNews.az