Dağıstan prezidenti İçərişəhərdə olub - FOTOLAR

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov dekabrın 26-da İçərişəhərlə tanış olub. İçərişəhərdə gəzinti Qız qalası ilə tanışlıqdan başlamışdır.

Qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovda böyük maraq doğurub. Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Ramazan Abdulatipov təndir çörəyinə qonaq edilib.

Ramazan Abdulatipov daha sonra Bakıdakı Dövlət Bayrağı Meydanı ilə tanış olub. Qonağa Azərbaycan Prezidenti İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair tapşırıqları əsasında bu ərazidə həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilib.

Məlumat verilib ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılıb. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Bildirilib ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Ramazan Abdulatipov həm də Azərbaycan Diplomatik Akademiyasında (ADA) olub. ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev Dağıstan prezidentinə bu ali təhsil ocağının tarixi, fəaliyyəti, strukturu, həyata keçirdiyi proqramlar, Azərbaycanın təhsil sisteminə gətirdiyi yeniliklər haqqında ətraflı məlumat verib. Bildirilib ki, akademiyada Azərbaycan da daxil olmaqla 30-dək ölkədən tələbə təhsil alır. Əsasən ABŞ, Ukrayna, Türkiyə, Çexiya, Misir və digər ölkələrdən gənclər buradakı tədrisə böyük maraq göstərirlər.(ANS PRESS)


image description image description image description image description