Mehriban Əliyeva sərgi açılışında

Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində "Fly to Baku. Müasir Azərbaycan İncəsənəti" sərgisinin açılışında iştirak edib.


Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və "Baku" jurnalının birgə təşkilatçılığı ilə "Fly to Baku. Müasir Azərbaycan İncəsənəti" sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının təsisçicisi və baş redaktoru, "Fly to Baku" sərgisinin ideya müəllifi Leyla Əliyeva çıxışında qeyd edib ki, bu unikal, gözəl bina - Heydər Əliyev Mərkəzi əsl mədəniyyət mərkəzinə çevrilib: "Heydər Əliyev Mərkəzi 2012-ci ildə açılıb və qısa zamanda çox geniş fəaliyyət göstərib. Burada konsertlər, sərgilər, müxtəlif forum və görüşlər keçirilir".

O bildirib ki, "Fly to Baku" sərgisi iki ildir keçirilir və Azərbaycan mədəniyyətini dünyaya tanıdır: "Bu sərgi Heydər Əliyev Mərkəzində iki ay təqdim olunacaq və bununla da layihə sona çatacaq. Ümidvaram ki, Bakıda da sərgi uğurla keçəcək".

Leyla Əliyeva deyib ki, sərgidə çox maraqlı incəsənət nümunələri təqdim olunub və Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə belə layihələrin sayı artacaq.

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, sərgi iki il əvvəl Londonda "Phillips de Pury" qalereyasında açılıb: "Sərginin kuratorları Erve Mikaeloff və Emin Məmmədov kimi istedadlı şəxslərdir. Bu sərgi Azərbaycanın müasir incəsənətini Avropanın 6 şəhərində - London, Paris, Berlin, Roma, Vyana və Moskvada nümayiş etdirmək üçün gözəl imkan idi".

Leyla Əliyeva bildirib ki, Azərbaycan istedadlı insanlar ölkəsi kimi tanınır və əlbəttə ki, incəsənət mədəniyyətimizin böyük hissəsidir: "Bu sərgi 21 rəssamın 100-dən artıq əsərini nümayiş etdirir".

Sonra "Fly to Baku. Müasir Azərbaycan İncəsənəti" sərgisinin kuratoru Erve Mikaeloff çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə belə layihələrin sayının çox olacağını bildirib. Onun sözlərinə görə, çox maraqlı incəsənət nümunələrinin təqdim olunduğu bu sərgi artıq 7-ci şəhərdə keçirilir.

Sərgidə rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, videoart, performans və foto janrlarında işləyən Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib. Əsərlərin əksəriyyəti məxsusi olaraq bu layihə üçün işlənilib.

Qeyd edək ki, "Fly to Baku" layihəsinin Heydər Əliyev Mərkəzində təşkil olunan yekun sərgisi 2014-cü il martın 1-dək davam edəcək.

AzNews.az