Qafqaz Universitetindən Fətullah Gülən açıqlaması


Qafqaz Universiteti son vaxtlar bəzi mətbuat orqanlarında ali məktəb və əməkdaşları haqqında yazılan məlumatlarla bağlı açıqlama verib.

Qafqaz Universitetinin mətbuat xidmətindən ali məktəbin ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Natiq Paşanın adından AzNews.az-a verilən məlumata görə, açıqlamada bildirilib ki, yazılarda Qafqaz Universiteti və onun əməkdaşları ilə əlaqəli ortaya atılan iddiaların heç bir əsası yoxdur:

"Qafqaz Universiteti nümunəvi tədris mərkəzi olub, onun və əməkdaşlarının əsas qayəsi təhsil alanlara peşəkar tədris xidmətləri göstərməkdir, yazılarda iddia edildiyi kimi hər hansı bir siyasi təbliğat etmək, düşmənlik və nifaq toxumları saçmaq deyil".

Açıqlamada qeyd edilib ki, universitetin auditoriyalarında və akt zallarında 24 saat ərzində video-səs yazı və 30 gün yaddaşında saxlama imkanı olan kamera sistemi var.

Xatırladaq ki, bəzi media vasitələrində yayılan xəbərdə bildirilib ki, Qafqaz Universitetinin rektoru Əhməd Sanıc tələbələri toplayaraq Fətullah Gülənin Rəcəb Tayyib Ərdoğana etdiyi qarğışa amin deməyə çağırıb. Bu cür halların Çağ Öyrətimin orta məktəblərində və Araz kurslarında da təkrarlandığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Fətullah Gülənin Türkiyədəki hadisələrlə əlaqədar Baş nazir Rəcəb Tayyib Ərdoğana etdiyi qarğış videosu yayılmışdı.

AzNews.az