Nazir internetlə bağlı tapşırıq verdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib.


AzNews.az xəbər verir ki, iclasda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışıb.

Bildirib ki, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.

İclasda vurğulanıb ki, əvvəlki illə müqayisədə İKT sektorunda artım tempi 14 faiz təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1 632,2 milyon manat təşkil edib. Həmçinin İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib.

Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanların nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 10 Gbit/s artırılaraq 210 Gb/s-ə çatdırılıb. Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir.

Növbəti illərdə də uğurlu inkişaf tempinin saxlanılması və artırılmasının əsas hədəf kimi qarşıda dayandığını bildirən Ə.Abbasov nazirliyin fəaliyyətinin səmərəli təşkili, o cümlədən kosmik sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması tapşırığını verib.

O, 2015-ci ildə keçiriləcək I Avropa yay olimpiya oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.

Amid
AzNews.az