Arzu Rəhimov: “Məktəblərdə kiçik mütəxəssislər hazırlanacaq”




"Məktəblərdə hərbi çağırış hazırlıqları ilə bağlı qarşıdakı illərdə ciddi tədbirlərin görülməsi nəzrdə tutulur".


AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

Onun sözlərinə görə, bu sahədə Təhsil Nazirliyi ilə birgə geniş işlərin həyata keçirilməsi nəzərdə tutulub:

"Artıq bu işlərə start verilib. Bilirsiniz ki, bir müddət əvvəl orta məktəblərdə demək olar ki, çağırşqədərki hazırlıq dərslərinə ciddi fikir verilmirdi. Xidmət yarandıqdan sonra tərəfimizdən görülən işlər nəticəsində birgə tədbirlər planı işlənilib hazırlandı. Buna uyğun olaraq da məktəblərdə işlər həyata keçiriləcək".

A.Rəhimov tədbirlərin nədən ibarət olacağını da açıqlayıb:

"Məqsədimiz odur ki, ilkin olaraq məktəblərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında aktiv iştirak edək. İstəyirik ki, onlar ordu sıralarında xidmətə göndəriləcək zaman artıq bir qədər hazırlıqlı olsunlar. Həmçinin, məktəblilərdə keçirilən dərslərdə onlara hərbi hissələrdə xidmət dövründə tələb olunan vərdişlər də veriləcək. Onların istər fiziki və istərsə də bir əsgər kimi hərbi xidmətə hazır olmaları üçün müvaffiq tədbirlər həyata keçirmək də qarşımıza qoyulan məqsədlərdən biridir".

A.Rəhimov qeyd edib ki, həyata keçirilən tədbirlərdən sonra orduya göndəriləcək çağırışçılar artıq ixtissaslar üzrə hazırlanmış kiçik mütəxxəsislər kimi göndəriləcək: "Bu kimi tədbirlərin həyata keçirilməsi qarşımızda əsas məsələ kimi durur və artıq buna çox ciddi yanaşırıq. Çalışacağıq ki, gələcəkdə bu sahədə problem yaşamayaq".

Amid
AzNews.az