Deportasiya olunan azərbaycanlı jurnalist danışdı - VIDEO

İlk əvvəl həmkarım Mahir Zeynalovla mətbuat kartı ilə bağlı məsələni dəqiqləşdirdim. Çünki onun deportasiya olunmasının səbəbi kimi daxili işlər nazirliyi də məhz bu kartın vaxtının uzadılmadığı və onun ölkədə qeyri leqal işlədiyi əsas gətirilmişidi. Onu da deyim ki, bu o sənəddir ki, bir neçə gün əvvəl Türkiyə mediasında onun saxta olması haqda məlumatlar yayılmışdı.

Həmkarım, bu sənədin onun deportasiyasından sonra planlı şəkildə hazırlandığını iddia edir. Onu bu cür düşünməyə vadar edən isə həmin nazirlikdən bir ay əvvəl daxil olan bu kağızda yazılanlardır. Sənəddə kimliyi açıqlanmayan birisinin Baş nazirliyin əlaqələr şöbəsinə Mahir Zeynalovun hökumət və dövlət əleyhinə bəyanatlar verdiyi əsas gətirilərək onun vətəndaşlığının araşdırılaraq ölkədən deportasiya olunmasını tələb etdiyi yazılıb. Bu tələbli müraciət əsasında aparılan araşdırmalar nəticəsində onun dövlət rəsmilərinə qarşı tvit atdığı müəyyən olunaraq ölkədən çıxaralımasının daha münasib olduğu bildirilib. Bundan sonra nazirlikdə onun ölkəyə girişi qadağan olunan əcnəbilər siyahısına alınması haqda qərar verilib. Qərar qələmlə edilən düzəlişə əsasən fevralın 4-dən qüvvəyə minib.

Mətbuat kartının saxtalığına gəlincə isə Mahir bu mövzunun məhkəmə predmeti olduğunu deyir. 4 ildir Türkiyədə media sahəsində işləyən Mahir Zeynalov əcnəbi jurnalistlərə verilən mətbuat kartının mətbuat şurasının nümunə olaraq göstərdiyindən fərqləndiyini deyir. Kartın üzərindəki qeydiyyat nömrəsi ilə gələcəkdə bu məsələnin müsbət həllini tapacağından əmindir. Əmin olduğu daha bir məsələ baş nazirin mövqeyinin səmimiyətdən uzaq olmasıdır. Bu mövqeyini həmkarım belə əsaslandırdı: "Baş Nazir mənim tvitlərimlə əlaqədar bir ay bundan əvvəl prokurorluğa şikayət edib. İki həftə əvvəl isə məni bu məsələ ilə bağlı polis şöbəsində dindiriblər". Başqa sözlə desək, Mahir Zeynalov Baş nazirliyə şikayətin də elə birincidən gəldiyindən əmindir. Qarşı tərəfin əmin olduğu isə bu hadisələrdə cərəyan edən ikitirəli siyasətdir.

Amma ortada oturma icazəsinin uzadılması ilə bağlı polisə ünvanlanan 2013-cü il 31 dekabr müraciəti ilə birlikdə deportasiya olunan 4-cü hakimiyyətin nümayəndəsi var. Türkiyənin özünün qoyduğu daxili qaydalara görə görüşün təyin olunduğu vaxta qədər hər bir əcnəbi ölkədə rahat yaşamaq haqqı var. Mahirin bu haqqının limiti isə martın 10-da başa çatmalı idi. Mətbuat kartının vaxtının uzaldılıb-uzadılmamasından asılı olmayaraq.

Hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq həmkarım özünü 3-cü ölkəyə getmə sindromundan uzaq tutur. Türkiyə höküməti üçün onun harda yaşacağının fərqi olmadığını bilsə də o, qonşu ölkədə yaşam haqqını müdafiə edir.





AzNews.az