- Köhnə - Cəmiyyət
- 14 Fevral 2014 16:42
- 8 908
Keşişə gül və ətirlə yas tutanlar

Amma bu dəfə həftələrdir ki, bütün şəhəri bürüyən qırmızı ürək və gül şəkilləri məni bu mövzunun üzərində dayanmağa vadar etdi. Şəhəri elə bir alış-veriş təlaşı bürüyüb ki, gəl görəsən. Hər kəs sevgilisinə gül və ya ətir almağa tələsir. Hələ mən yumşaq ayı oyuncağı alanları demirəm...
Vay bu gün sevgilisinə hədiyyə almağı unudan oğlan və kişilərin hayına. Çünki, 14 fevralda demək olar ki, hər kəs qarşı cinsin nümayəndəsindən hədiyyə gözləyir. Sevgililər sevgililərindən, Nişanlı qızlar nişanlılarından, ərli qadınlar ərlərindən...
Əl qərəz hər ilin bu günü hədiyyə almaq insanların psixologiyasına elə yeridilib ki, az qala ana da balasından hədiyyə gözləsin... Həmin gün hədiyyə almayan xanımların necə ruh düşkünlüyü yaşayıb, depressiyaya düşdükləri də heç kəsə sirr deyil.
Hədiyyə almaq məcburiyyəti...
Bəli, bu bir məcburiyyətə çevrilib. Öz sevgilisinə bir həftə əvvəlcədən hədiyyə tədarükü görən iş yoldaşımdan soruşuram ki, bəs niyə bu günü qeyd edirsən, deyir neynəyim məcburam. Almasam ya küsər ya da daha betəri, simic olduğumu düşünər. Əslində hamı bu məntiqlə hərəkət edir. Almasam mənim haqqımda nə düşünər. Yəni qonşudan qalma geri prinsipi. Hər kəs bir karvana qoşulub. İstəyən də istəməyən də bu axında gedir. Zənnimcə birinin durub bu axına yox deməsinin vaxtı gəlib çıxıb artıq. Bu gün ən çox qazananlar isə ticarətçilərdir. İtirdiyimiz isə mənəvi dəyərimizdir.
Qərbin təsiri...
Qərbin hər lazımlı və lazımsız cəhətlərini quran ayəsi kimi o qədər psixologiyamıza yeritmişik ki, bu kimi tarixlər az qala mentalitetimizin bir tərkib hissəsinə çevrilib. Əvvəla milli geyimlərimizi dar və cırıq cinslərə dəyişdik. Sonra milli toylarımızın yerini diskotekalı və xeyli sayda boyat yeməklərin yeyildiyi dözülməz bir şəraitin hökm sürdüyü məclislər əvəzlədi. Milli və dini bayramlarımızdan isə əsər əlamət qalmayıb. Qurban bayramını sadəcə heyvan kəsib bol ət yemək , Ramazanı isə ac qalmaq kimi başa düşürük. İslam peyğəmbərinin doğum günündə bir-birimizə gül hədiyyə etmirik.
Amma Xristian peyğəmbərinin doğum günündə böyük şam ağacı bəzəyib ətrafına fırlanırıq. Öz bayramlarımızın coşqusunu yaşamayıb, keşişlərin yas gününü qeyd edirik. Yox yanlış anlamayın mən tolerantam. Digər dinlərə və mədəniyyətlərə hörmətim böyükdür. Sadəcə öz mədəniyyətimə və dinimə də hörmət edilməsini istəyirəm.
Niyə məhz 14 fevral?
Əslində sevgililərin bir-birinə sevgilərini etiraf etməsi üçün xüsusi bir günə ehtiyac yoxdur. Əgər o sevgi səmimidirsə.... Dində də hədiyyə vermək sünnət sayılır. Sadəcə onu tanımadığımız şəxs və ya mahiyyətini bilmədiyimiz bir tarixlə əlaqələndirib xaos şəkilinə çevirməyin bir mənasını görmürəm.
Məsələnin digər bir tərəfi isə bu günü qeyd edənlərin 90%-nin Valentin gününün tarixindən xəbərsiz olmasıdır. Xəbəri olmayanlar üçün Valentin gününü tarixçəsi ilə bağlı əfsanəni sizinlə bölüşürəm. Əfsanəyə görə, Qədim Romada 14 fevral tarixində qadınlıq və evlilik tanrıçası olan Junoya şərəfinə bayramlar təşkil edilirmiş. Səhəri gün isə Lupercalia Bayramı başlayırdı.
Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazırsa o qızla bayram əyləncələri boyunca birlikdə olurdular. Lakin bundan rahatsız olan imperator 2. Claudius ordusunda döyüşməyə əsgər tapmadığı üçün bütün nişan və evliliklərə qadağa qoyur.
Həmin dövrdə keşiş olan Valentin isə bu qaydaya məhəl qoymayaraq insanları evləndirirmiş. Bundan qəzəblənən Cladius Valentini öldürtdürür. Sonra isə bu tarix Əziz Valentin günü və sevgililər günü kimi qeyd edilməyə başlanılır. İndi siz qərar verin bu günü qeyd etməyə dəyərmi?
AzNews.az