Fransa Bankının rəhbəri: Ölkə büdcə kəsiri səbəbindən borc boğulması təhlükəsi ilə üz-üzədir

Fransa hazırda ÜDM-in 5,4%-ni təşkil edən böyük büdcə kəsiri fonunda tədricən borc boğulması təhlükəsi ilə üz-üzədir.

Aznews.az xəbər verir ki, bu barədə Fransa Bankının rəhbəri (mərkəzi bank kimi fəaliyyət göstərir - red.) Fransua Villerua de Qalhau "La Croix" qəzetinə verdiyi müsahibədə bildirib.

O, siyasi və büdcə qeyri-müəyyənliyinin ölkəsinin iqtisadiyyatına mənfi təsir göstərdiyini söyləyib.

"Bütün agentliklər bizim siyasi sabitliyimizin olmamasından və ciddi büdcə problemlərimizdən narahatdır. Ölkəmizi iflas təhlükəsi gözləmir, lakin borc boğulması təhlükəsi var: əvvəlcə faizlər bahalaşır, sonra bu, ailələr üçün – xüsusilə daşınmaz əmlak sahəsində – və biznes üçün kreditlərin bahalaşmasına gətirib çıxarır", – deyə o vurğulayıb.

Sentyabr ayının sonunda Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu ölkənin dövlət borcunun 2025-ci ilin ikinci rübündə ilk dəfə rekord həddi - 3,4 trilyon avronu keçdiyini və ÜDM-in 115,6%-ni təşkil etdiyini açıqlayıb.

Avqust ayında keçmiş daxili işlər naziri Bruno Retayo bildirib ki, Fransa büdcə kəsirləri və artan dövlət borcları səbəbindən heç vaxt maliyyə uçurumuna bu qədər yaxın olmayıb.

Xatırladaq ki, hökumətin növbəti istefasının qarşısını almaq üçün Prezident Emmanuel Makron qeyri-populyar pensiya islahatını dayandırmağa razılaşıb ki, bu da sosialist fraksiyasının dəstəyini müvəqqəti olaraq təmin edib.