Allahşükür Paşazadə mühüm danışıqlara gedir - SƏFƏR

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Səudiyyə Ərəbistanında səfərə gedəcək.

Bunu AzNews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib. O vurğulayıb ki, səfər Azərbaycanın Həcc missiyası tərəfindən builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə həyata keçiriləcək. QMİ rəsmisi əlavə edib ki, səfər çərçivəsində Şeyxülislam Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Həmçinin A.Paşazadə Səudiyyə krallığının Həcc naziri ilə də görüşəcək və builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar məsələlər müzakirə ediləcək. Sonda Azərbaycan Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanacaq. Sənəddə builki Həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələsi, ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirə bilməklə ilə bağlı məsələlər öz əksin tapacaq.

AzNews.az
Amid Əyyuboğlu