- Tribuna
- 21:30
- 2 058
Amnistiya sosial sabitliyə öz töhfəsini verəcək - Deputat
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi və “Konstitusiya və Suverenlik ili” münasibətilə hazırlanmış geniş miqyaslı Amnistiya Aktı cəmiyyətimizin hüquqi və mənəvi inkişafına töhfə verən mühüm sənəddir. Bu təşəbbüs, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində əsasını qoyduğu humanizm və ədalət prinsiplərinin bu gün də uğurla davam etdirildiyinin əyani sübutudur.
Məlumdur ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizdə əfv və amnistiya institutlarının hüquqi əsaslar və humanist dəyərlər üzərində formalaşdırılmasına xüsusi önəm vermiş, bu sahədə sistemli və dərin islahatların başlanğıcını qoymuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə – 1998-ci ildə atılan tarixi addım, yəni ölüm hökmünün ləğv olunması, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində dönüş nöqtəsi olmuşdur. Bu qərar beynəlxalq ictimaiyyət tərəfindən də böyük rəğbətlə qarşılanmış və Azərbaycanı dünyada humanist dəyərlərə sadiq dövlət kimi tanıtmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən bu siyasət bir tərəfdən cəza tədbirlərinin hüquqa əsaslanan şəkildə tətbiqinə, digər tərəfdən isə cəmiyyətdən təcrid olunmuş şəxslərin yenidən sosial həyata qayıdışına şərait yaratmışdır.
Bu gün həmin ali dəyərlərin daşıyıcısı kimi çıxış edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə bu prinsiplərə sadiqliyini nümayiş etdirmiş, insan amilini dövlət siyasətinin mərkəzində saxlamışdır.
Eyni zamanda qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da deputatlıq fəaliyyəti dövründə bu irsə sadiqliyini qoruyaraq bir sıra amnistiya təşəbbüsləri ilə çıxış etmiş, yüzlərlə ailəyə sevinc, cəmiyyətə isə ümid bəxş etmişdir.
Bu baxımdan, təqdim olunmuş Amnistiya Qanunu layihəsi həm hüquqi, həm də mənəvi baxımdan yüksək dəyərlərə əsaslanan bir sənəddir. Bu sənəd yalnız hüquqi akt deyil, eyni zamanda, cənab Prezident İlham Əliyevin öz vətəndaşına olan inamının və mərhəmətinin təcəssümüdür.
Əminik ki, bu təşəbbüs bir çox insanlara yeni başlanğıc üçün imkan yaradacaq, onların cəmiyyətə inteqrasiyasını sürətləndirəcək və sosial sabitliyə öz töhfəsini verəcəkdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu humanist təşəbbüsünü yüksək qiymətləndirir və ölkəmizdə həyata keçirilən hüquqi islahatların ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bir daha vurğulamaq istəyirəm.
Çox sağolun, var olun cənab Prezident!
Fatma YILDIRIM,
Milli Məclisin üzvü