Əhalinin banklardakı borclarının həcmi açıqlandı

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2013-cü ildə dövlət büdcəsinə 19.5 milyard manat vəsait daxil olub.

ANS PRESS-in Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, büdcədən 19.1 milyard manat vəsait xərclənib. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 351.1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0.6 faizinə bərabər olub.

2014-cü il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15,4 milyard manat məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin həcmi 2013-cü il yanvar ayının 1-i ilə müqayisədə 26,0 faiz artıb, onun 78,4 faizi və ya 12,1 milyard manatı uzun müddətli olub. Kreditlərin 792,8 milyon manatının, yaxud 5,1 faizinin ödəmə vaxtı keçib.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 25,1 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 6,4 milyard manata çatıb.

Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,78 manata, 1 Avroya 1,07 manata və 100 Rusiya rubluna 2,34 manata bərabər olmuşdur.


AzNews.az