Dünyada milyarderlərin sayı artır: hansı ölkələr ən sürətlə varlanır -ARAŞDIRMA

Qlobal iqtisadiyyatda müşahidə olunan çətinliklərə və qeyri-sabitliyə baxmayaraq, dünyada dollar milyarderlərinin sayı sürətlə artmağa davam edir. Aparılan son araşdırmalar göstərir ki, 2031-ci ilə qədər planetdəki milyarderlərin sayı 4 min nəfərə yaxınlaşacaq. Maraqlıdır ki, mütləq rəqəmlərdə artım qeydə alınsa da, ABŞ-nin bu sahədəki qlobal payı azalır, Avropa isə əksinə, öz statusunu möhkəmləndirir.

Dollar milyarderlərinin artım tempi heç bir yavaşlama əlaməti göstərmir. Əgər 2021-ci ildə dünyada 2723 milyarder var idisə, 2026-cı ildə bu rəqəm artıq 3110-a yüksəlib. Bu isə cəmi beş il ərzində 14 faizli bir artım deməkdir. Lakin əsas sıçrayışın hələ qarşıda olduğu proqnozlaşdırılır. "Knight Frank" şirkətinin hesabatına əsasən, növbəti beşillikdə bu rəqəm daha 26 faiz artacaq və 2031-ci ildə milyarderlərin sayı 3915 nəfərə çatacaq.

Regionlar üzrə mənzərəyə nəzər saldıqda, Səudiyyə Ərəbistanı mütləq lider kimi önə çıxır. Bu ölkədə milyarderlərin sayının 183 faiz artaraq 23-dən 65-ə yüksələcəyi gözlənilir. Avropa da bu prosesdə hərəkətverici qüvvə rolunu oynayır. Köhnə qitədə milyarderlərin sayı 2026-cı ildəki 780 nəfərdən 2031-ci ildə 994-ə qədər artacaq. Avropada ən sürətli artım Polşada (123 faiz) və İsveçdə (81 faiz) qeydə alınacaq. Digər tərəfdən, Şimali Amerika öz payını itirməkdədir. Regiondakı milyarderlərin sayı 1089 nəfərə çatsa da, onların qlobal miqyasdakı çəkisi 31 faizdən 27,8 faizə düşəcək.

"Knight Frank" rəsmisi Rori Penn bildirir ki, sərvət artımı mürəkkəbləşən qlobal iqtisadi mühit fonunda baş verir. Onun sözlərinə görə, ultra-zəngin insanlar artıq daha mobildir, lakin onların investisiya və yaşayış üçün təhlükəsiz hesab etdikləri bazarların sayı getdikcə azalır. Bu səbəbdən zəngin ailələr aktivlərini Amerika, Avropa və Asiya-Sakit okean regionu arasında bölüşdürməyə, yəni diversifikasiya etməyə üstünlük verirlər. London hələ də hüquqi sabitliyinə görə cəlbediciliyini qorusa da, bəzi investorlar artıq Avropanı investisiya mərkəzindən çox, bir "muzey" kimi qəbul etməyə başlayıblar.

Qlobal mənzərədə Rusiya da özünəməxsus rekordla yadda qalıb. İqtisadi sanksiyalara və artımın yavaşlamasına baxmayaraq, Rusiyada dollar milyarderlərinin sayı yeni tarixi zirvəyə çatıb. Təkcə 2025-ci ildə ölkənin zənginlər siyahısına daha doqquz nəfər əlavə olunub və hazırda milyarderlərin ümumi sayı 155-ə yüksəlib. Onların birgə sərvəti isə fantastik 696,5 milyard dollar təşkil edir. Bu, müharibədən əvvəlki 2021-ci illə müqayisədə milyarderlərin sayının 22 nəfər artması deməkdir. Ümumilikdə isə son on ildə dünyanın ən zəngin 3000 insanının sərvəti 6,5 trilyon dollar artıb ki, bu da dünya ÜDM-nin təxminən 15 faizinə bərabərdir.

Mövsüm,

AzNews.az